Rəvan Həsənov: Udilər Azərbaycanın etnik rəngarəngliyini təmin edən etnoslardan biridir
Udilər Azərbaycanın etnik rəngarəngliyini təmin edən etnoslardan biridir. Qafqaz Albaniyası Azərbaycanın tarixi irsini təşkil edir və biz bu irsə sahib çıxmalıyıq.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov Qəbələnin Nic qəsəbəsində, Azərbaycan Udi Ocağında Qafqaz Albaniyası mövzusuna həsr olunan tədbirdə jurnalistlərə müsahibəsində deyib.
Udilərlə, eləcə də Qafqaz Albaniyası ilə bağlı bədnam qonşularımızın iddialarının olduğunu vurğulayan Rəvan Həsənov BBMM-nin bununla bağlı istər ölkə daxilində, istərsə də xaricdə mühüm təbliğat işləri apardığını diqqətə çatdırıb. “Bu layihələr bizim üçün çox önəmlidir. Çünki bu konfransların, tədbirlərin materialları bir neçə dilə tərcümə olunaraq çap edilir və dünyada yayılır. Qafqaz Albaniyası ilə bağlı dünyanın tanınmış tarixçi alimləri ilə müzakirələr aparılır”, – deyə Mərkəzin rəsmisi bildirib.
Tarixi ədalətsizlik nəticəsində 1836-cı ildə Qafqaz Alban kilsəsinin aftokefallığının ləğv olunduğunu diqqətə çatdıran Rəvan Həsənov deyib: “Hər kəs bilməlidir ki, Qafqaz Albaniyasında mövcud olan xristianlıq buranın qədim dinlərindəndir və özünün müstəqil kilsəsinə malik olub. Bəzi tarixçilərin bunu erməni-qriqoryan kilsəsi ilə eyniləşdirmək cəhdlərinin nə qədər əsassız olduğu BBMM-nin təşkil etdiyi tədbirlərdə elmi cəhətdən sübuta yetirilir və bu tədbirlərin nəticələri dünyanın müxtəlif ölkələrində geniş təbliğ edilir”.