Bakıda keçirilən beynəlxalq konfransın ikinci günü bölmə iclasları ilə davam edir

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyada  ekspertlər “Müstəmləkəçilik, yeni imperializm və İslamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunu müzakirə ediblər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən paneldə Matz Mohy Abdulhamid, Mohammed Bechari, Seymur Nəsirov və Jasmin Zine iştirak ediblər. Vilfrid Laurier Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zine qeyd edib ki, müsəlman qadınlardan siyasi kampaniyalarda mənfur şəkildə istifadə edilir. Artıq hicab geyinən qadınlar arzuolunmaz vətəndaş kimi qələmə verilir. Müsəlman qadınlar sanki Qərb üçün təhlükə sayılır.
İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mats Muhi Əbdülhəmid diqqətə çatdırıb ki, İslamofobiya hazırda dünyada geniş formada yayılıb. Müsəlmanlara qarşı yürüdülən ikili siyasət hər birimizi narahat edir. Qərb dövlətlərinin bəzisi İkinci Qarabağ müharibəsində də Ermənistanı dəstəkləyirdi, baxmayaraq ki, o təcavüzkar dövlət idi. Təəssüflər olsun ki, Qərb mediası bu məsələdə Azərbaycanı dəstəkləmirdi. Buna sanki müsəlman və qeyri-müsəlman müharibəsi kimi yanaşırdılar. Onlar heç Qarabağda dağıdılan məscidlərdən yazmırdı. Mən özüm Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılmasına, müxtəlif təhqirlərə məruz qalmasına şahid oldum. Ermənilər hətta öz dağıtdıqları kilsələri belə Azərbaycanın hərəkəti kimi göstərməyə çalışır.
Qeyd edək ki, martın 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

Etiketlər