Dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli örnəkdir
Sentyabr ayının 7-də və 8-də Qazaxıstanın Almatı şəhərində «Yeni Mərkəzi Asiya üçün perspektivlər: Sabit və demokratik cəmiyyətin formalaşdırılmasında dinin rolu» mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Qazaxıstan Respublikası İnformasiya və Sosial İnkişaf Nazirliyi nəzdində Dini İşlər üzrə Komitənin, Qazaxıstanın Kaspi Universitetinin nəzdindəki İctimai Hüquq üzrə Elmi-Tədqiqat Universitetinin, ABŞ-nin Briqham Yanq Universitetinin Hüquq və Din Məsələləri Araşdırma Mərkəzinin, Qazaxıstanın Dini Birliklər Assosiasiyasının və ABŞ-nin «LYN Community» qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Mərkəzi Asiya dövlətlərindən, ABŞ, Böyük Britaniya, Avstriya, Avstraliya, Azərbaycan və Pakistandan olan nümayəndələr iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov konfransda «Din və siyasət. Cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasında xaricdən nüfuz etdirilən dini radikalizm meyllərinin rolu» mövzusunda məruzə ilə çıxış edib. Çıxışda müasir qloballaşma prosesində dinin siyasiləşdirilməsi və siyasi məqsədlər üçün istifadə olunması, dövlət-din, cəmiyyət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modelinin üstün cəhətlərindən ətraflı danışılıb. Eyni zamanda qeyd edilib ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə rəsmi İrəvanın münaqişəyə “dinlərarası qarşıdurma” donu geyindirməsi səyləri zamanı bəzi qonşu dövlətlərin ölkə ərazisində etnik və dini separatizm meyllərinin qızışdırılması pislənilib.