İndoneziyanın İslam Təşkilatının nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

İndoneziyanın İslam Təşkilatı “Nahdlatul Ulama”nın nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib, Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda danışıb. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan və İndoneziya arasında dövlətlərarası münasibətlər yüksək səviyyədə qurulub. Bu əlaqələrin inkişafına təşkilatlar da öz töhfəsini verir. Rəvan Həsənov məlumat verib ki, nüfuzlu dünya uiversitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər arasında İndoneziyanın Gadjah Mada Universiteti də var. İndoneziyalı tələbələr BBMM tərəfindən  təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində iştirak edirlər.
İcraçı direktor işğaldan azad olunmuş torpaqlarımız haqqında da məlumat verib. O diqqətə çatdırıb ki, 30 il davam edən işğal dövründə ermənilər Qarabağda yerləşən 65 məsciddən 64-nü dağıdıblar, yandırıblar, yarasız hala salıblar. Rəvan Həsənov qeyd edib ki, bu gün Qarabağ yenidən qurulur. Lakin bu prosesdə də ermənilərin maneələri özünü göstərir. Belə ki, işğal dövründə bizim torpaqlarımıza Ermənistan tərəfindən 1 milyon 500 min mina basdırılıb və Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Torpaqlarımızın işğaldan azad olunmasından 2 ildən çox vaxt keçib və bu müddət ərzində Azərbaycanın 250 mülki vətəndaşı mina partlaması nəticəsində həlak olub.
Rəvan Həsənov vurğulayıb ki, dövlətlərimizin və xalqlarımızın maraqları naminə təşkilatlarımız arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilməlidir.
“Nahdlatul Ulama”nın nümayəndə heyətinin rəhbəri Zulfa Mustofa  öz təşkilatları haqda məlumat verib. Bildirib ki, “Nahdlatul Ulama”nın məramı dünyada sülhün bərpasına öz töhfəsini verməkdir. Eyni zamanda tolerantlıq və multikulturalizm də təşkilatın missiyasına daxildir. O qeyd edib ki, Azərbaycana səfərin məqsədi  ölkələrimiz arasında İslamşünaslıq sahəsində, xüsusilə tolerantlıq, müxtəliflik və multikulturalizmlə bağlı təcrübə, bilik mübadiləsi həyata keçirməkdir.
Sonda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Etiketlər