Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Dəyirmi masanı BBMM-in əməkdaşı Rəvan Həsənov açaraq 15 iyun-Milli Qurtuluş Gününü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirib: “1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində həmin dövrdə respublikamız daxilində etnik-mədəni zəmində çaxnaşmalara son qoyuldu, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yoluna qədəm basdı. Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararkən tarixən bu torpaqları özünə vətən seçmiş, əsrlərdir burada yaşayan xalqların nümayəndələrini azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək indiki qüdrətli, multikultural Azərbaycanın memarı oldu.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir.
Bu gün respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə dünyada Azərbaycan multikulturalizminin, mədəniyyətinin, mənəvi irsinin təqdimatı və təbliğatı sahəsində böyük işlər həyata keçirilir. Bu da onu göstərir ki, milli qurtuluşumuzun müəllifi olan Ulu Öndər tərəfindən əsası qoyulmuş ali ideyalar, ənənələr bu gün də yaşayır və ən ali formada gerçəkləşdirilir”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov 1990-cı illərdə Azərbaycandakı çətin siyasi şəraiti xatırladarq məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi-iqtisadi vəziyyətin stabilləşdiyini qeyd edib: “1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri anarxist hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması bir dövlət kimi Azərbaycanın varlığını sual altına almışdı. Həmin vaxt ölkədə təbəddülatlar dalğası hökm sürürdü. Belə bir vaxtda dövləti məhv olmaqdan Ulu öndər Heydər Əliyev xilas etdi”.
Etibar Nəcəfov çıxışında hazırda Azərbaycanın dövlət siyasətində multikulturalizmin prioritet istiqamət olduğunu, nümunəvi dövlət-din münasibətlərinin mövcudluğunu qeyd edib. Professor bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan xalqları bu ölkənin sərvəti hesab edirdi: “Ümumilli lider öz çıxışlarında qeyd edirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Azərbaycandakı talış icmasının rəhbəri, professor İmamverdi Həmidov çıxış edərək Heydər Əliyevin yüksək erudisiya, fenomenal yaddaş, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyətinə malik bir şəxsiyyət olduğunu qeyd edib.
Dəyirmi masada Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, “Azəri” Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov, AMEA-nın elmi işçisi Radif Mustafayev, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker və başqaları çıxış edərək 15 iyun Milli Qurtuluş Gününü müasir Azərbaycanın inkişafının başlandığı tarix kimi dəyərləndiriblər və artıq 20 ildir ki, xalqımızın bu günü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyini vurğulayıblar.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.