Braziliya universitetinin tələbələrinə Azərbaycan multikulturalizmi haqda mühazirələr təqdim olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi kursu dünyanın 22 aparıcı universitetində tədris olunur. 
Cari ilin 12-17 dekabr tarixlərində Braziliyanın Paraiba Federal Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə Azərbaycan multikulturalizmi fənni üzrə onlayn mühazirələr təqdim edilib. 15 tələbənin iştirak etdiyi ilk mühazirədə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruz da çıxış edib. 
Beş gün davam edən layihə çərçivəsində "Azərbaycan multikulturalizminin meydana gəlməsinin obyektiv və subyektiv səbəbləri", “Etnik-milli müxtəliflik Azərbaycan Respublikasının multikulturalizm siyasəti kimi”, "Çoxkonfessiyalılıq Azərbaycan Respublikasının multikulturalizm siyasəti kimi", "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti" və "Azərbaycan multikulturalizmi və dünya ölkələrində multikulturalizm modelləri" mövzularında mühazirələr təqdim olunub. Tələbələr Azərbaycandakı multikulturalizm modeli haqqında məlumat əldə etməklə yanaşı, ölkəmizin tarixi inkişafının əsas cəhətləri, multikultural cəmiyyətin formalaşma xüsusiyyətləri ilə tanış olub, Azərbaycan, Kanada, ABŞ, Avstraliya və Fransadakı multikulturalizm modellərinin müqayisəli təhlilini aparıblar. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr, xüsusilə də, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri və “Azərbaycanın Gənc Dostları Klubu"  haqda geniş məlumat verilib. Mühazirələri BBMM-in Tədris şöbəsinin müdiri İrina Kunina təqdim edib.
 Qeyd edək ki, mühazirələr çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş vermiş hadisələr, 44 günlük Vətən müharibəsi və milli həmrəylik, eləcə də, Azərbaycanda müxtəlif konfessiya nümayəndələrinin sülh-əminamanlıq şəraitində yaşaması və digər mövzularda çoxsaylı suallar cavablandırılıb. Tələbələr onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar. 

Etiketlər