“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (“Beynəlxalq Multikulturalizm Jurnalı”) adlı beynəlxalq elmi jurnalının 2024-cü ildə birinci sayı işıq üzü görüb. Qeyd edək ki, ildə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da (http://bimc-ijm.com/index.aspx) fəaliyyət göstərir.
Jurnalın bu sayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın işi haqda geniş məqaləsi təqdim olunub. 
    Jurnalda həmçinin, bir sıra xarici və yerli araşdırmaçı alimlərin – Susan M. Demetropolis (ABŞ, Hofstra Universiteti), Ahmet Nazmi Üste (Türkiyə, Dokuz Eylül Universiteti), Ata Taha Küveloğlu (Türkiyə, Aydın Adnan Menderes Universiteti), David Pendery (Tayvan, Milli Taipei Biznes Universiteti) və Haktan Birselin (Şimali Kipr Türk Cümhuriyyəti, Onbeş Kasım Kıbrıs Universiteti) “Ali təhsildə multikulturallıq və müxtəliflik şüuru”, “Xarici siyasətin transformasiyası: Multikultural dünyada qadınlar və yumşaq güc”, “Digər”in məngənəsindəki şəxsiyyət mübarizəsi: İsrail-Fələstin münaqişəsi”, “Carl Wilkens və Ruanda: Öyrənmə və böyümə” , “Xaos nəzəriyyəsi: Mürəkkəb fəaliyyətə yanaşmada yeni bir perspektiv, Mədəniyyət, sivilizasiya və mədəni müxtəliflik” mövzularında məqalələri yer alıb.
    Məlumat üçün bildirək ki, bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını multiculturalismjournal2020@gmail.com  email ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilir.

Etiketlər