“Çili: xalq və mənzərə” adlı fotosərginin açılış mərasimi keçirilib
Oktyabrın 28-də ADA Universitetində “Çili: xalq və mənzərə” adlı fotosərginin açılış mərasimi keçirilib. Fotosərgi ADA Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, İnkişaf və Diplomatiya İnstitutunun və Çili Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Fotosərgidə Çilinin zəngin təbiəti, xalqın yaşam tərzi və maraqlı məkanları nümayiş edilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, dini və milli icma rəhbərləri də iştirak edib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, ADA universiteti bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd edilib ki, hazırda Azərbaycan və Çili arasında bir çox sahədə əməkdaşlıq mövcuddur. “Bu sərgi ictimaiyyətin Çili haqqında təsəvvürünü daha da zənginləşdirəcək”, - deyə F. ismayılzadə əlavə edib.
Çili Respublikasının Azərbaycandakı səfiri Rodriqo Arkos Çilinin beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyini diqqətə çatdırıb: “Bizim münasibətimiz hər il daha da inkişaf edir. Bu gün təqdim edilən sərgi Çilinin həyatını təsəvvür etmənizə kömək edəcək. Bu sərgidə Çilidə yaşayan insanların yaşayış tərzini, mədəniyyətini, relyefini, coğrafiyasını daha yaxından görəcəksiniz”.
Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman çıxışında bildirib ki, bu fotosərginin təşkili Çili haqqında bilikləri artıracaq: “Azərbaycan özünün multikulturalizm modeli ilə dünyaya örnəkdir. Ölkəmizdə əsrlər boyu digər xalqların mədəniyyətinə hörmətlə yanaşılıb. Çili dünya üçün çox maraqlı və gözəl bir ölkədir. Bu sərginin təşkili bu ölkəni və eyni zamanda sənəti sevənlər üçün gözəl təşəbbüsdür”.
Sonda iştirakçıların Çili haqqında sualları cavablandırılıb.