“Həqiqətin onomastikası”nın ingilis dilində nəşri “Əsas məsələ” verilişində müzakirə olunub

AzTV-də yayımlanan “Əsas məsələ” verilişində “Həqiqətin onomastikası” kitabının ingilis dilində nəşri müzakirə olunub. Verilişdə kitabın yaradıcı heyətinin üzvləri - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, BBMM-in icraçı direktoru Rəvan Həsənov, filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib.

Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

 

Etiketlər