Böyük Britaniyalı siyasətçi Multikulturalizm Mərkəzinin qonağı olub

Ölkəmizdə səfərdə olan Böyük Britaniyalı siyasətçi və hüquqşünas, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Heydər Kərim avqustun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub.
Görüşdə BBMM-in  icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, Bakı prosesi, eləcə də  Multikulturalizm Mərkəzinin 7 illik fəaliyyəti dövründə həyata keçirilən layihələr və qurumun 10 ölkədə fəaliyyət göstərən filiallarının işi haqda geniş məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. İcraçı direktor ölkəmizdə yaşayan bütün etnik azlıqlara, həmçinin müxtəlif konfessiyaların  öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək, yaşatmaq üçün yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb.
Böyük Britaniyalı siyasətçi öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib, multilulturalizm və tolerantlıq ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin vacib olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Qonaq ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyətilə gəldiyini deyib. İşğaldan azad olunmuş ərazilərə və ölkəmizdə kompakt şəkildə yşayan etnik azlıqların yaşadığı bölgələrə gedəcəyini vurğulayan Səccad Heydər Kərim Azərbaycanın mövcud həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində regionun inkişafına töhfə vermək istədiyini diqqətə çatdırıb.
Sonda Böyük Britaniyalı siyasətçiyə Mərkəzin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib.

Etiketlər