ADA-nın təlim proqramında Azərbaycan multikulturalizmi barədə mühazirə dinlənilib

ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə sentyabrın 24-dən təlim proqramı başlayıb. Təlim İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub. Oktyabrın 8-dək davam edəcək proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Oktyabrın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina təlim proqramı iştirakçılarına “Azərbaycan multikulturalizm modeli” haqda mühazirə təqdim edib. O, əvvəlcə Azərbaycandakı multikultural və tolerant mühit, mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük və çoxkonfessiyalılıq  haqda geniş məlumat verib. Sonra Azərbaycan multikulturalizm modelinin əsas xüsusiyyətləri, iş mexanizmi və prinsipləri haqda danışıb. İ.Kunina sonda təlim iştirakçılarının suallarını cavablandırıb.

Etiketlər