Azərbaycan nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın din xadimləri və dövlət qurumları rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri davam edir.
Azərbaycanlı qonaqlar mart ayının 1-də dünyada humanitar yardım ənənələri ilə ad qazanmış «Xeyriyyəçilik məkanı» adlı təşkilatın Solt Leyk Siti şəhərindəki baş ofisində və müəssisələrində olmuş, onun təkcə Amerika Birləşmiş Ştatlarında deyil, dünyanın müxtəlif guşələrində yardımlaşma aksiyalarının təşkili sahəsində topladıqları çoxillik zəngin təcrübə ilə də maraqlanmışlar. Təşkilatın məsul işçisi Piter Nelsonun sözlərinə görə, ianələr hesabına yaradılan «Xeyriyyəçilik məkanı» indi onlarca kənd təsərrüfatı və emal, qablaşdırma müəssisəsini, nəqliyyat, ticarət şəbəkəsini, işədüzəltmə mərkəzlərini və s. əhatə edən nəhəng istehsalat birliyini xatırladır. Humanitar missiyalar zamanı ehtiyacı olanlara paylanan kənd təsərrüfatı və ərzaq məhsullarının xammalının 60 faizi təşkilatın öz əkin sahələrində yetişdirilir və heyvandarlıq təsərrüfatlarından alınır. İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin nəzdində yaradılmış təşkilat 1983-cü ildən etibarən beynəlxalq miqyasda xeyriyyəçilik aksiyaları təşkil etməkdədir. Təkcə ötən il dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən, silahlı qarşıdurmalardan zərər çəkənlərə, işsizlərə, əmək qabiliyyətini itirmiş şəxslərə, aztəminatlı ailələrə təqribən bir milyard ABŞ dolları məbləğində humanitar yardım göstərilmişdir. Eyni zamanda, «Xeyriyyəçilik məkanı» bu il Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənlərə də öz qayğısını əsirgəməmiş və yardım aksiyalarını davam etdirməkdədir. Piter Nelson onu da vurğulamışdır ki, iş prinsipini «Rəbbə sevgi, insanlara sevgi» devizi ilə quran təşkilat humanitar yardım aksiyaları keçirərkən insanların nə dini, nə irqi, nə də etnik mənşəyi nəzərə alınır. Təsadüfi deyildir ki, bir sıra ölkələrdə «Xeyriyyəçilik məkanı» təşkilatının iş təcrübəsi öyrənilir və tətbiq olunmaqdadır. Şeyxülislam Allahşükür Paşazadə söhbət zamanı bu təcrübənin Azərbaycanda da həyata keçirilməsinin mümkünlüyü məsələsinə də toxunub. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində kilsənin fəaliyyəti gələcək nəslin yaddaşında əbədi qalacaqdır.
Maraqlı görüşlərdən biri də Yuta ştatının konfrans mərkəzində  - kilsənin On iki həvari birliyinin üzvü, dini icmanın ağsaqqalı Ronald Raşband ilə olmuşdur. O Azərbaycanla, azərbaycanlılarla bağlı geniş məlumata malik olduğunu nümayiş etdirmişdir. Qeyd etmişdir ki, «Azərbaycandakı tolerant mühit gənc nəsildə ciddi maraq doğurur. Əminəm ki, sizin və bizim birgə səylərimiz nəticəsində ümumi inkişafa nail olacağıq. İcma ağsaqqlı R.Raşband bəyan etmişdir ki, Azərbaycanın öz torpaqlarını faşizm tör-töküntülərindən təmizləməsi onu da sevindirmişdir. İndi dövlətlərimiz arasında qarşılıqlı faydalı və sağlam münasibətlərin qurulması, iqtisadi, mədəni sahələrdə nailiyyətlərin əldə olunması vaxtıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və Azərbaycanın nümayəndə heyətinin İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin ali ruhanisi və prezidenti 99 yaşlı Russel Nelsonla görüşü də maraqlı olmuşdur. Cənab Nilson söhbət zamanı bildirmişdir ki, Azərbaycanla Yuta ştatını möhkəm dostluq telləri bağlayır. Qeyd etmişdir ki, bu ilin aprel ayında kilsənin ənənəvi beynəlxalq məclisi çağırılacaq. Haqqın-ədalətin, işğal altında olan torpaqların geri qaytarılması uğrunda mübarizə aparan və hazırda genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri həyata keçirən Azərbaycan üçün dualar oxunacaqdır.

Senat binasında Yuta ştatının vitse-qubernatoru Deidro Nendersonla görüşdə söhbətin əsas mövzusu əlaqələrin inkişaf perspektivləri olmuşdu.

Etiketlər