Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-da səfərdədir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-da səfərdədir. ABŞ-ın "Stirlinq" Fondunun, eləcə də İsa Məsih və Sonuncu günün müqəddəsləri kilsəsinin birgə dəvəti ilə təşkil olunan səfərdə Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Nümayəndə heyətinin təkibinə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete daxildir.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Yuta ştatının ali qanunvericilik orqanı senatda olublar. "Stirlinq" fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə görüşüblər.
Yuta ştatının senatında Azərbaycandan gələn nümayəndə heyətinin rəsmi salamlama mərasimi keçirilib və senatorlar qonaqları alqışlarla qarşılayıblar. Mərasimdə Yuta ştatı senatının Azərbaycanda tolerantlıq, multikulturalizm siyasəti, dini müxtəlifliyin qorunması ilə bağlı qəbul etdiyi bəyannamənin mətni oxunub.
Senatın prezidenti Stüart Adamsın və senator Mihael MakKellin imzaladığı sənəddə deyilir: "Yuta ştatının senatı bəyan edir ki, Azərbaycan müsəlmanlar, xristianlar və yəhudilər arasında qədim zamanlardan bəri mövcud olan dinlərarası tolerantlıq ənənəsinə sadiq qalaraq ölkədə multikulturalizm və dinlərarası harmoniyanı daha da inkişaf etdirmək üçün səy göstərir. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan region və bütün dünya üçün model olaraq çıxış edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsləri və iştirakı ilə Yer üzündə dini rəngarəngliyi qorumaq və inkişaf etdirmək, əməkdaşlıq üçün dünyanın fərqli konfessiyalarının liderlərini dəfələrlə bir araya gətirə bilib. Yuta ştatı Şeyxülislam Allahşükür Paşazadəni, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi, dini icma rəhbərlərini və digər qonaqları senatda salamlamaqdan şərəf duyur. Biz bir daha bəyan edirik ki, Yuta senatı Azərbaycanın dini tolerantlığı və dinlərarası əməkdaşlıq dəyərlərini möhkəmlətmək istiqamətində apardığı işi təqdir edir".
Qeyd edək ki, martın 4-dək davam edəcək. Səfərin məqsədi Azərbaycanın əsrlər boyu formalaşdırdığı və inkişaf etdirdiyi tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışıdır.