“Multikulturalizm, nasionalizm və İslam: İndoneziya, Azərbaycan və Türkiyə təcrübəsi”-beynəlxalq konfransa dair təəssüratlar

 

indoneziya 1

İlk növbədə bu ölkə haqqında qısa məlumat verim. İndoneziyanın Mərkəzi Statistika Bürosunun məlumatuna görə, 2015-ci ildə ölkə əhalisinin sayı 254,9 milyon nəfərə çatmışdır. İndoneziyada əksəriyyəti Avstroneziya qrupuna daxil olan 300-dən artıq etnos, etnik qrup məskunlaşmışdır. Avstroneziya qrupuna daxil olan böyük etnoslardan yavalılar (Qərbi Yava, Mərkəzi Yava, Lampunq) ölkə əhalisinin 40,2%-ni təşkil edir. Sayca ən çox olan yavalılar tarixən məskunlaşdıqları Yava adasından başqa, ölkədə aparılmış transmiqrasiya siyasətinin nəticəsi kimi, bir çox digər ərazilərə də yayılmışlar. İndoneziyada avtoxton olmayan, buraya miqrasiya etmiş etnik qruplar da vardır. Onlardan sayca ən çox olanı çinlilərdir. Etnik çinlilər ölkənin bütün ərazilərinə yayılsalar da, daha çox böyük şəhərlərdə məskunlaşmışlar. Etnik dillərdən Yava, Sunda və Madura dillərinin daşıyıcıları sayca daha çoxdur. Həmin məlumatda bu dillərin daşıyıcılarının müvafiq olaraq 80 milyon, 30 milyon və 13 milyon olduğu göstərilir.

Indoneziya dünyəvi dövlətdir. Bununla belə, din İndoneziya cəmiyyətinin həyatında çox mühüm rol oynayır. Bu, İndoneziya xalqının ideologiyasında – Pançasilada da ifadə edilmişdir: “Vahid Allaha inam”. 1945-ci ildə qəbul edilmiş konstitusiyaya görə, vətəndaşlar bu və ya digər dinə etiqadda azaddır. İndoneziyada əhalinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dini XIII əsrdən yayılmağa başlamışdır. 1292-ci ildə Çindən qayıdarkən Sumatranı da ziyarət etmiş Marko Polonun yazdığına görə, burada gördüyü ilk liman olan Perlakda müsəlman tacirlər o qədər çox olmuşdur ki, onlar bütün yerli əhalini İslam dininə etiqada sövq edə bilmişdilər. Hazırda dünyanın ən böyük müsəlman ölkəsi olan Indoneziyada əhalinin 88%-i İslam dininə etiqad edir. Onların 98%-i sünni, qalanları isə başlıca olaraq Yava adasında məskunlaşmış şiələrdir.

İndoneziya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələr çoxdan mövcuddur. Təsadüfi deyildir ki, bu ilin 9 sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Usman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında xüsusilə turizm və ticarət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. Bu sahələrin inkişafı etdirilməsində, əlbəttə, İndoneziyalı turistlərin Azərbaycana vizasız səfər edə bilmələri də mühüm rol oynayır. Həmin görüşdə əldə olunan razılaşmaya və cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vizasız gediş-gəlişin təmin edilməsi prosedurları artıq başlamışdır. Biz bu məlumatı İndoneziyada səfərdə olarkən aldıq və İndoneziyanın Azərbaycandakı səfiri cənab Husnan bəy Fanani başda olmaqla ünsiyyətdə olduğumuz bütün indoneziyalıların həmin məlumata necə sevindiklərinin şahidi olduq. Bu kontekstdə maraqlı məlumatlardan birini də cənab səfir verdi. Onun sözlərinə görə, hər il bir milyondan çox indoneziyalı Məkkəyə umrə və həcc ziyarətinə gedirlər. İki ölkə arasında vizasız gediş-gəliş onlara bu ziyarətlər zamanı Azərbaycandan tranzit ölkə kimi istifadə etməyə, burada müəyyən müddət qalmağa da imkan verəcəkdir. Bu isə Azərbaycanda turizm sektorunun  daha da canlanması üçün çox mühümdür.

İndoneziya ilə Azərbaycan arasında multikulturalizm sahəsində də əlaqlər qurulmuşdur. Hələ ötən ilin oktyabrında İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olmuş, onun fəaliyyəti ilə tanış olmuşdu. Bu ildən İndoneziyanın Qacah Mada Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Sentyabrın 21-də mən və Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev Surakarta İctimai Araşdırmalar və Xidmət Mərkəzinin dəvəti ilə bu təşkilatın İndoneziya Respublikasının Dini İşlər Nazirliyi və Surakarta İslam İnstitutu ilə birlikdə təşkil etdiyi “Multikulturalizm, nasionalizm və İslam: İndoneziya, Azərbaycan və Türkiyə təcrübəsi” adlı beynəlxalq konfransda iştirak etdik. Konfransı giriş sözü ilə Surakarta Araşdırma və İctimai Xidmət Mərkəzinin direktoru Sofvan Anvar açdı və iştirakçılara uğurlar arzuladı. Açılış nitqində İndoneziyanın Azərbaycandakı səfiri cənab Husnan bəy Fanani İndoneziya, Azərbaycan və Türkiyənin multikulturalizm sahəsində  təcrübələrinin qarşılıqlı şəkildə öyrənilməsinin böyük əhəmiyyət daşıdığını qeyd etdi. Bu kontekstdə o, konfrans iştirakçılarına Azərbaycan haqqında, Azərbaycanda mövcud olan multikultural mühit barədə məlumat verdi. Səfir həmçinin 2013-cü ildə İndoneziyada keçirilmiş İslam həmrəyliyi oyunlarını xatırlatdı və gələn il bu oyunların Azərbaycanda keçiriləcəyini bildirdi. 2016-cı ili “multikulturalizm ili” elan etmiş Azərbaycanı nümunə göstərərək, 2017-ci ilin də İndoneziyada “multikulturalizm ili” elan olunması üçün hökümət qarşısında təkliflə çıxış edəcəyini bildirdi. O, konfrans iştirakçılarının nəzərinə multikulturalizm ili çərçivəsində Azərbaycanda da belə bir konfrans keçirilməsinin planlaşdırıldığını və Azərbaycanın multikulturalizm təcrübəsini öyrənmək üçün qarşıda daha bir imkan olduğunu çatdırdı, həmçinin gələcəkdə İndoneziya mütəxəssislərinin Azərbaycanın multikulturalizm modelini praktik cəhətdən də müşahidə etmələri üçün onların Azərbaycana səfərlərini təşkil edəcəyini söylədi. Ümumiyyətlə, cənab səfir istər konfransın gedişində,  istərsə də konfransdan sonra öz həmvətənləri ilə söhbətlərində Azərbaycan haqqında çox xoş sözlər deyirdi. O, bu yaxınlarda Bakıda keçirilmiş Dünya Şahmat Olimpiadasında İndoneziya idmançılarının yüksək nailiyyətlərini də məmnunluqla qeyd etdi.

Sonra Surakarta İslam İnstitutunun prorektoru Dr. Əbdül Mətin Salman çıxış edərək konfransın məzmun və mahiyyəti ilə bağlı fikirlərini bildirdi, konfransın mədəniyyətlərarası dialoq baxımından xüsusi rol oynayacağını vurğuladı.

İlk məruzə ilə professor Həbib Zərbəliyev çıxış etdi. O, “Azərbaycan və İndoneziya multikulturalizminin tipolgiyası” mövzusunda məruzəsində Azərbaycan və İndoneziya multikulturalizminin oxşar və fərqli cəhətlərini şərh etdi, vaxtaşırı etnik və dini zəmində münaqişələrlə üzləşən İndoneziyada bu münaqişələri törədən başlıca səbəbləri göstərdi. Akademik Kamal Abdullanın multikultural təhlükəsizlik konsepsiyasının Azərbaycanda mövcud multikultural mühiti əks etdirdiyini qeyd edən məruzəçi bu konsepsiyanın digər dövlətlərdə, o cümlədən İndoneziyada münaqişəsiz multikultural mühitin formalaşdırılması üçün məqbul olduğunu bildirdi.

Sonra mən “Azərbaycanda multikulturalizm” mövzusunda məruzə ilə çıxış etdim. Slayd və  xəritə ilə  Azərbaycanın coğrafi mövqeyi, hansı ölkələrlə həmsərhəd olması barədə məlumat verdikdən sonra Azərbaycanın multikulturalizm modelini, buradakı etnik-dini şəraiti şərh etdim, konfrans iştirakçılarının nəzərinə Azərbaycanın multikulturalizm modelinin əsrlərdən bəri formalaşdığını, ölkədə yaşayan etnik qrupların, müxtəlif dinlərin, konfessiyaların daşıyıcılarının daim sülh, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, bir-birinə tolerant münasibət göstərdiklərini, multikulturalizmin ölkəmizdə alternativi olmayan həyat tərzi və dövlət siyasəti olduğunu çatdırdım.

Sultan Agung İslam Universitetinin rektoru Anis Malik Toha İndoneziyanın multikulturalizm təcrübəsini dünya multikulturalizmi kontekstində dəyərləndirdi.

Türkiyəni təmsil edən professor Sərdar Dəmirəlin məruzəsində konfrans iştirakçılarına multikulturalizm, nasionalizm və din sahəsində Türkiyə təcrübəsi şərh edildi. Məruzəçinin fikrinə görə, Osmanlı dövründə ölkədə müxtəlif etnoslar, müxtəlif dinlərin daşıyıcıları tolerant mühitdə yaşasa da, cümhuriyyət dövründə artıq vahid türk milləti formalaşdı. Məruzəçi hazırda Türkiyədə multikulturalizm sahəsində bəzi problemlərin olduğunu qeyd etdi.

Konfransın moderatoru hər bir məruzədəki əsas məqamları özünəməxsus şəkildə şərh edərək konfrans iştirakçılarının diqqətinə yenidən tezislər şəklində çatdırırdı. Konfrans iştirakçıları məruzə və müzakirələrdə üç dildən – ərəb, indoneziya və ingilis dillərindən istifadə edirdi. Müzakirələrdə Surakarta universitetlərində təhsil alan və müxtəlif ölkələri təmsil edən tələbələr də iştirak edirdi.

Konfransdan sonra Surakarta şəhərində gəzinti, Agung sarayı ətrafındakı qala divarları boyunca yürüş, sarayın daxili ilə, İndoneziyanın tarixi, musiqisi, muzey eksponatları ilə tanışlıq bu ölkədə multikulturalizmin müəyyən mənada tarixən formalaşdığını göstərir. Gəzinti zamanı diqqətimi şəhərdəki evlər çəkdi. İndoneziyada evlər çox zaman müxtəlif etnik qrupların dünyagörüşünə uyğun üslubda tikilir. Evlərin inşa üslubu onların hansı etnik qrupa aid olduğunu müəyyən etməyə imkan verir. İslam sivilizasiyasının daşıyıcıları olan xalqlar kimi indoneziyalılar ilə azərbaycanlıların öxşar cəhətləri çoxdur. Lakin fərqlili cəhətlər də kifayət qədərdir.  Həm Azərbaycan, həm də İndoneziya çoxlu sayda etnosların / etnik qrupların, müxtəlif dinlərə etiqad edən, müxtəlif konfessiyaları təmsil edən  insanların məskunlaşdığı  ölkədir. Azərbaycandakı etnik qruplar əsas etnosla qenealoji baxımdan qohum olmayan etnik qruplardır, İndoneziyada isə etnosların / etnik qrupların mütləq əksəriyyəti qenealoji baxımdan qohumdur.

Hesab edirəm ki, İndoneziyada baş tutmuş bu konfras sayəsində Azərbaycan multikulturalizmi indoneziyalıların yaddaşında maraqlı məqamlarla qaldı və biz də İndoneziya multikulturalizmi haqqında müəyyən əlavə məlumatlar əldə etdik. Burada fransız filosofu Emmanuel Levinasın “sivilizasiyaların mənbəyi başqasıdır” fəlsəfi tezisini xatırlatmaq yerinə düşərdi. Bu konfrans Azərbaycan ilə İndoneziya arasında əlaqələrin genişləndirilməsində, inkişaf etdirilməsində mühüm bir addım oldu.

Rəşad İlyasov

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

 

Запись “Multikulturalizm, nasionalizm və İslam: İndoneziya, Azərbaycan və Türkiyə təcrübəsi”-beynəlxalq konfransa dair təəssüratlar впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.