ABŞ-ın bir qrup dini icma rəhbəri Multikulturalizm Mərkəzində olub

ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.

Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edilib ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar multikulturalizm və tolerantlıq ənənələrinin insanları yaxınlaşdıran, birləşdirən vacib amil olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Qonaqlar ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyəti ilə gəldiklərini deyiblər. İşğaldan azad olunmuş ərazilərə və ölkəmizdə kompakt şəkildə yaşayan etnik azlıqların yaşadığı bölgələrə gedəcəklərini vurğulayan qonaqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində regionun inkişafına töhfə vermək istədiklərini diqqətə çatdırıblar.

Sonda qonaqlara Mərkəzin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə olunub.

Etiketlər