Vətən müharibəsi iştirakçısı Radif Mustafayevlə müsahibə
Radif Heybət oğlu Mustafayev - 23 aprel 1978-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində doğulub. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fəlsəfə ixtisası üzrə bakalavr pilləsini, 1999-2001-ci illərdə sosial-fəlsəfə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, 2001-2004-cü illərdə AMEA-nın aspiranturasında təhsil alıb. 2004-2006-cı illər arasında AMEA Fəlsəfə, Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) kiçik elmi işçi vəzifəsində, 2007-ci ildə hərbi xidmətdən sonra AMEA Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsində elmi işçi vəzifəsində çalışıb. Hazırda İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçidir. Bir çox ali məktəbdə (Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Gömrük Akademiyası, Azərbaycan Dillər Universiteti) pedoqoji fəaliyyətlə məşğul olmuş və bu fəaliyyətini davam etdirməkdədir. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. 2014-cü ildən multikulturalizm məsələləri ilə məşğul olmuş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəxri üzvlərindəndir. II Qarabağ döyüşləri zamanı ehtiyatda olan baş leytenant kimi döyüş bölgəsinə çağırılıb. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə artilleriya komandiri vəzifəsində iştirak edib. Cəbrayıl, Füzuli və Laçının azad olunmasına görə medallarla təltif edilib.
- Radif müəllim, gəlin söhbətə elə sizin döyüş yolunuzla başlayaq.
- Mən 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılarkən də cəbhə bölgəsində xidmət etmişəm və 2007-ci ildə baş leytenant kimi ehtiyata buraxılmışam. Bir vətəndaş kimi də, alim kimi də işğal olmuş torpaqlarımız mövzusu həmişə mənim üçün ağrılı nöqtə olub. Mən 2016-cı ildə aprel döyüşləri zamanı da hərbçi kimi müraciət etmişdim. Ancaq o zaman çağırılmadım. Bu dəfə isə sentyabrın 21-də Səfərbərlik və Hərbi Çağırış üzrə Xidmət tərəfindən təlimlərə cəlb olunduq. Mənə çağırış gələndə də pedoqoji fəaliyyətlə məşğul idim, dərslərim var idi. Müvafiq rəhbərliyə bildirdim ki, təlimə çağırılmışam və ordumuza qoşuldum. 26-ı artıq bizi cəbhə xəttinə apardılar. Yolboyu, eləcə də getdiyimiz, olduğumuz hər yerdə əhali bizi dəstəkləyirdi, alqışlarla qarşılayırdı, jestlərini ifadə edirdilər. Bizi əvvəlcə gətirdilər Füzuli rayonunun Arayatlı kəndinə, ilk mövqeyimiz də ora oldu. Mən artilleriya qoşununda tağım komandiri təyin olundum. Taleyin bir ironiyasıdır ki, bizə mövqeyi tanıdan, strateji nöqtələrlə tanış edən əsgər elə ilk şəhidlərimizdən oldu: Rəvan Şahmuradov. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz təlimlərə getmişdik, amma erməni təxribatına cavab olaraq, elə növbəti gün müharibə iştirakçısına çevrildik. Arayatlıdan sonra Aşağı Əbdülrəhmanlı kəndinə, oradan Cəbrayılın Daşkəsən kəndinə keçdik. Yenidən fırlanıb Füzuliyə - Süleymanlı kəndinə qayıtdıq. Və mən ilk dəfə orada gördüm bir kənd genosidi necə olur. Sanki yox idi, olmamışdı elə bir kənd, sağlam bir divar belə qalmamışdı. Füzulidən sonra isə biz Hadrutda olduq. Nəhayət, mənim iştirak etdiyim son dayaq nöqtəsi Xocavənd oldu. Əvvəlcə, Xocavəndin Tuğ kəndinə gəldik. Orda çox ağır döyüşlər oldu. Bəlkə də, bizim son döyüşümüz ola bilərdi o döyüş....
- Radif müəllim,Vətən müharibəsi Azərbaycanın haqq işi, Vətən uğrunda savaşı idi. Çox qanlı-qadalı döyüşlər gördünüz. Amma siz sadəcə zabit deyildiniz müharibədə, həm də alim-araşdırmaçı idiniz.
- Bəli, azad edilən torpaqlar bizim qələbimiz idi. Və mən həm də bir elm adamı kimi o kəndlərdə əldə etdiyim ermənicə və rusca ədəbiyyatlara, sənədlərə xüsusi maraq göstərirdim. Məsələn, biz Tuğdan sonra Böyük Tağlar kəndinə keçdik. Onun adını da erməniləşdirmişdilər. Amma maraqlıdır ki, elə o kənddəki evlərdən götürdüyümüz sənədlərdə 70-80-ci illərədək həmin kəndin adının elə əsl adı ilə azərbaycanca qeyd edildiyini gördük. Yaxud elə həmin sənədlərdə, məsələn ordakı mənzillərdən birinin sahibi Azərbaycan SSR-in vətəndaşı kimi qeyd olunduğu öz əksini tapmışdı. Onlar Azərbaycan vətəndaşı olublar, Qarabağ da həmişə Azərbaycana aid olub. Bir qeyd də diqqətimi çəkdi, hələ Azərbaycan sovet respublikası olarkən erməni şagirdlərə verilən attestatlarda Azərbaycan dilinin öyrdilmədiyi öz əksini tapmışdı. Sonradan yenə də ordan qərargah rəisim mayor Samiq Əliyevin vasitəsilə əldə etdiyim başqa bir ədəbiyyatdan dəqiqləşdirdim ki, 70-ci illərə qədər olan bu fakt hələ o zaman dövlət rəhbərimiz olmuş Ümummilli lider Heydər Əliyev tərəfindən dəyişdirilmiş, Azərbaycan dili dərs proqramlarına məcburi fənn kimi salınmışdır. Halbuki, bütün bunlar və digər faktlar bir daha orada məskunlaşmış erməni milliyyətçilərinin, separatistlərinin məkrli niyyətlərinin tarixi köklərinə dəlalət edir. Yəni mən ixtisasca peşəkar tarixçi olmasam da, ermənilərin öz ədəbiyyatında belə tarixlə müasirliyin müqayisəsində etdikləri saxtakarlıqlar, yanlışlar və bəzən də özlərinin özlərinə qarşı təzadlı fikirləri aydın görünür. Bu yanlış ideologiya ilə, bu yalanlarla da onlar yeni formalaşan nəslin beynini zəhərləyiblər. Burda olan ən böyük zərərli meyl isə milliyyətçilikdir. Çünki millətçiliklə milliyyətçilik arasında böyük fərq var. Milliyyətçilik, bir xalqın, bir etnosun digərlərindən üstünlüyünü iddia etməkdir. Ermənilərin tarix boyu etdiyi də budur. Və erməni də yox, “hay”deyə qeyd edirlər. Bütün torpaqları, bütün tarixi “hay”ların adıyla bağlayırlar.
-Radif müəllim, bu qeydləri, araşdırmaları ictimaiyyətə hansı şəkildə çatdıracaqsınız?
-Hazırda mən müharibə qeydlərim üzərində işləyirəm, tədqiqatlarımı davam etdirirəm və silsilə yazılar hazırlayıram. Bu yazının da “Müharibə qənimətlərində Azərbaycan həqiqətlərinə baxış” adlandırmışam. Tədqiqatlarda göstərməyə çalışıram ki, bu yanlış ideologiya, bu zərərli istiqamət onların öz xalqını hansı faciələrə gətirib çıxarır. Və bu elmi nəticələri də təbliğ etmək lazımdır. Çünki ermənilər həmişə milliyyətçiliklə, zərərli ideologiya ilə yaşayıblar. Mən onların öz ədəbiyyatlarında, sənədlərdə də, gördüm, istinadla qeyd ediblər. Hələ sovet dövründə - 60-cı illərdə Ulu Öndər Heydər Əliyev təhlükəsizlik komitəsində işləyəndə onların əməllərinə hüquqi qiymət verib. Mərkəzi Komitəyə müraciət edib ki, onlar milliyyətçiliklə məşğuldurlar.
-Və Azərbaycan belə bir düşmənlə mübarizə aparıb, qalib oldu. Qələbəyə gedən yolda sizi nələr müşaiət etdi?
–Əvvəla, qeyd edim ki, ilk gündən döyüşdə Azərbaycanın hərtərəfli üstünlüyü aydın görünürdü. Bütün çətinliklərə, itkilərə baxmayaraq, haqq-ədalətin təntənəsi özünü göstərdi və biz qalib gəldik. Bütün mənəvi birlik, hərbi-taktiki üstünlüklə yanaşı, ilahi ədalət də, hətta təbiət də bizim tərəfimizdə idi. Əlbəttə, müharibə qandır, itkidir, ölümdür. Belə şəraitə çox düşmədiyimdən, bir ziyalı kimi insanların ölümünə şahid olmaq, cəsəd görmək mənə çox ağır idi. Amma müharibədə hər kəsi bir amal birləşdirir: döyüş tapşırığını düzgün yerinə yetirmək və yalnız irəliyə getmək. Biz Ali Baş Komandanın rəhbərliyi ilə bunu etdik. Və ən əsası bütün döyüş boyu xalqın dəstəyini hiss etməyimiz bizim ən böyük qələbə ruhumuz, enerji mənbəyimiz idi. Kiçik uşaqlardan belə bizə məktublar gətirirdilər.Və elə uşaq ikən Qarabağı tərk etməyə məcbur olan oğullar döyüşərək, canlarından keçərək bizi o torpaqlara qovuşdurdular.