Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü qeyd edib
Bakıda 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri və dini icmaların təmsilçiləri iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamofobiyaya qucaq açmaq deməkdir. Azərbaycan dövləti öz vətəndaşını qorumaq, davamlı sabitliyi təmin etmək üçün multikulturalizm siyasətinə böyük önəm verir. Ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin ötən il Tolerantlıq Günü münasibətilə dövlətimizin başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması onlara göstərilən diqqətin bariz nümunəsidir.
Sonra Azərbaycan multikulturalizm modelini ölkə daxilində və xaricdə təbliğ və təşviq edən şəxslərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəxri diplomu təqdim olunub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yanaşı yaşadığını vurğulayıb. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibət var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir. Ölkəmizdəki tolerant və multikultural mühitin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin - dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında Beynəlxalq Tolerantlıq Gününün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, hazırda dünyada tolerantlıq və multikulturalizm vadisi kimi tanınan Azərbaycanda bu günü böyük təntənə ilə qeyd etmək hər bir Azərbaycan vətəndaşının haqqıdır.
Tədbir Azərbaycan Dillər Universitetinin müxtəlif ölkələri təmsil edən Mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə hazırlanan bədii proqramla yekunlaşıb.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü qeyd edib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.