AZƏRBAYCAN MULTİKULTURALİZMİ SEULDA TƏDRİS OLUNACAQ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, sözügedən layihəyə start verilib. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

2020-2021-ci dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici universitetlər sırasına Cənubi Koreyanın Hankuk Universitetinin  də  (Hankuk University of Foreign Studies) adı əlavə olunacaq. Beləliklə də, Multikulturalizm Mərkəzi 22-ci xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Hankuk Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Hankuk Universiteti Koreyada  bu istiqamətdə ilk ali tədris ocağı olacaq.

Qeyd edək ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Yay və Qış Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verir. Xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir daisrəsi və gücünü də artırmaqdadır. Bütün bunlar göstərir ki, Azərbaycan multikulturalizmi modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması Multikulturalizm Mərkəzi tərəfindən uğurla davam etdirlir və gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması mümkün olacaq.

 

BBMM-in Mətbuat Xidməti