Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Holokost və Xocalı – müasirlərin gözü ilə” adlı “dəyirmi masa” keçirilib

 

 

Yanvarın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan dağ yəhudiləri və Avropa yəhudi dini icmalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin dəstəyi və təşkilatçılığı ilə “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.

Əvvəlcə Holokost və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbiri açaraq bildirib ki, Xocalı və Holokost soyqırımları zaman etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb,150 nəfər haqqında isə heç bir məlumat yoxdur. Uşaq, qadın, əlil olmasından asılı olmayaraq, heç kəsə mərhəmət göstərilmədən vəhşicəsinə cinayət törədilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bir çox dövlətlər Xocalı faciəsini soyqırımı kimi tanıyır və ildən-ilə bu ölkələrin sayı artır.

İcraçı direktor əvəzi yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığını vurğulayıb. O deyib ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibətləri qurublar.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsininin əməkdaşı Ülviyyə Abbasova tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, tarixən milli-etnik zəmində düşmənçilik, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını yaxşı başa düşür, onun üzləşdiyi tarixi fəlakəti öz üzərində hiss edir. İsrail Prezidenti 2015-ci il yanvarın 7-də Holokost qurbanlarının anım mərasimində çıxışında 1992-ci ilin fevralında Xocalıda qətlə yetirilmiş azərbaycanlılar haqqında danışıb. Məruz qaldığımız soyqırımı faciəsi bizi bir daha birləşdirir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edilir. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamın kulminasiya nöqtəsidir. Yalnız fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib. Onların 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilib. Baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayıb nəticə çıxararaq, gələcəyə baxmaq lazımdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, etnik qrupun, xalqın bu cür hadisə ilə üzləşməsini istəmiriksə, Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır. Cəzasızlıq mühiti olarsa, bu cür faciə başqa xalqlara qarşı da həyata keçirilə bilər.

Xocalı soyqırımından bəhs edən komitə sədrinin müavini deyib ki, Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasəti nəticəsində Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu strategiyadır.

G.İsmayılov qeyd edib ki, yəhudilər təkcə Avropada soyqırımına məruz qalmayıblar, onlar, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının qurbanları arasında olublar. Yəhudilər 2600 ildir ki, Azərbaycanda məskunlaşıblar və dinc, dostluq, qarşılıqlı hörmət şəraitində yaşayırlar.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqlar birləşdirir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. Holokost qurbanlarının sayı 6 milyondur, onların 1,5 milyonu uşaqlardır. Holokost Xocalı soyqırımı kimi insanlığa qarşı törədilən cinayətdir. Yəhudi və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir, yaxşı başa düşür. 1918-ci ildə Qubada yəhudi icmasının üzvləri də ermənilər tərəfindən soyqırımına məruz qalıb. Erməni cəlladları tərəfindən insanlığa qarşı törədilmiş qanlı soyqırımı hadisələrini unutmamalıyıq və soyqırımının beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı işlər aparmalıyıq.

Sonra çıxış edən Azərbaycanda yaşayan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudiləri dini icmasının nümayəndələri Lev Şvarts, Yevgeni Brenneysen, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Akademiyanın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Moisey Bekker, Xocalı sakinləri Murad Məhərrəmov və Xəlil Vəliyev çıxış edərək Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndiriblər, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndiriblər. Yəhudi xalqının başına gətirilən dəhşətli faciəyə ölkəmizdə həssaslıqla yanaşıldığı, hər il Holokost qurbanlarının xatirəsinin anıldığı vurğulanıb. Bildirilib ki, bu günahsız insanların öldürülmə səbəbi faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi.

Çıxışçılar Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək, həmin ölkələrdə Holokost söhbətini açmağın belə qadağan olunduğunu deyiblər. Bu gün multikulturalizm siyasətinin Azərbaycanda aparıcı xətt olması və burada digər etnik qruplar kimi yəhudilərin də sərbəst, mehribanlıq şəraitində yaşaması digər ölkələrə örnək kimi göstərilib.

Çıxışlardan sonra “dəyirmi masa” müzakirələrlə davam edib.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Holokost və Xocalı – müasirlərin gözü ilə” adlı “dəyirmi masa” keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.