Yaşasaydı 88 yaşı olacaqdı

Nurani, müdrik, alicənab insan, tanınmış şərqşünas, görkəmli tatşünas, böyük tat Maqsud Hacıyev haqqında söz

Maqsud İbrahim oğlu Hacıyev 1935-ci il, sentyabrın 10-da Qonaqkənd (Quba) rayonunun Gümür kəndində anadan olmuşdur. O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Azərbaycan EA-nın Şərqşünaslıq, Milli Münasibətlər, Arxeologiya və Etnoqrafiya, dilçilik İnstitutlarında elmi işçi və Baş elmi işçi vəzifələrində çalışmışdır. O, fasilələrlə uzun illər, İranda və Əfqanıstanda çalışmış və eyni zamanda ədəbi və bədii yaradıcılıqla məşqul olmuşdur. Maqsud Hacıyev Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi zaman, İran dilçiliyi və İran dillərinə aid: «İran dilləri», «İran dilçiliyi», «Avesta dili», «Tacik dili», «Fars dili», «Talış dili», «Kürd dili», «Pəncab dili», «Pamir dilləri», «Puştu dili», «Pəhləvi dili», «Qədim fars dili»,  «Müasir fars dili», «Mixi yazılar», «Urdu dili», «Osetin dili» və s. məqalələrini çap etdirmişdir. O, uzun illər Azərbaycan tatlarının dili, tarixi, etnoqrafiyası və həm də, bu xalqın adət və ənənələrinin tədqiqi ilə məşğul olmuşdur.  Maqsud Hacıyev, tatların tarixi-etnoqrafik oçerki monoqrafiyasında ilk dəfə olaraq: «Tatlar – tarixi baxış», «Tatlar mədəni inkişaf yolunda», «Tatlarda ailə və evlənmə», «Tatlarda mədəni-əxlaqi dəyərlər», «Tatların maddi-mədəniyyəti», «Tatlarda qədim etiqadlar» və s. məsələləri tədqiq etmişdir. Onun tatlar və tat dilinə, xalqımızın birlik və vəhdətinə həsr olunmuş «Tat dilinin öyrənilməsi tarixindən», «Tat etnonimi haqqında», «Azərbaycan ərazisindəki bəzi toponimik adların mənşəyinə dair», «Azərbaycanın bəzi toponimləri barədə», «Tat dili», «Tatlar haqında söz», «Tat mədəniyyətinin inkişaf yoları», «Tat dilində Azərbaycan sözləri», «Milli məsələ və Azərbaycan tatlarının ikidillilik məsələsi», «Bir can bir ürək», «Nicatımız birlikdədir», «Düşmən fitfasına uymayaq», «Tatlar kimdir», «Türkün türkdən başqa dostu var», «İftixar və qürur haqqı ilə (tatlar haqqında)», «Əsil ziyalılıq milli birlik rəmzi olmaqdır», «Azsaylı xalqlara böyük qayğı», «Dövlətçilik ənənələrimizdə milli siyasət» və s. kimi məqalələri çap olunmuşdur. 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının «Elm» nəşriyyatında Maqsud Hacıyevin «Tat dilinin Qonaqkənd  ləhcəsi» adlı monoqrafiyası, 1995-ci ildə isə «Azərbaycan tatlarının dili (fonetika, leksika, morfologiya və sintaksis)» kitabı İ.Nəsimi adına Dilçilik İnstitutunun nəşriyyatında çap olunmuşdur. Maqsud Hacıyevin İrana səfəri nəticəsində yaranmış «İran etüdləri» kitabı 1976-cı ildə, «Əfqanıstan görüşləri» kitabı isə 1989-cu ildə «Yazıçı» nəşriyyatında, «Azərbaycanlıların bəzi adət-ənənələri haqqında», «İnamlar və inanclar» kitabında toplanaraq “Gənclik” nəşriyyatında 1990-cı ildə çapdan çıxmışdır. Maqsud Hacıyev  «DİPLOMATİK PROTOKOL VƏ XARİCİ ƏLAQƏLƏR», «AZƏRBAYCAN TATLARININ DİLİ», «TATLARIN TARİXİ-ETNOQRAFİK OÇERKİ» kitablarının, beş cilddən ibarət olan «ZAMANIN ÖZÜ ZAMANIN SÖZÜ», digər kitabların   və məqalələrin müəllifidir. Maqsud Hacıyev Azərbaycan aşiqi idi. Vətənimizə, birliyimizə həsr olunmuş birçox məqalələrin, şeirlərin müəllifidir. Maqsud Hacıyev həm də «Azəri» Tat mədəniyyət mərkəzi İctimai Birliyinin təsisçisi və ilk sədri olmuşdur. Nurani, müdrik,  alicənab insan, tanınmış Şərqşunas, görkəmli Tatşunas, Böyük Tat, professor Maqsud İbrahim oğlu Hacıyev bu gün aramızda yoxdur. O, 02.03.2023-cü ildə dünyasını dəyişmişdir. Amma bizə  yüzlərlə ədəbi-bədii və publisistik məqalələrini  və onlarla kitablarını qoyub getmişdir. 

Ruhu şad olsun. 
Telman Əliyev
Rusiya, Vladimir Dövlət Universtetinin Dossenti

Maqsud Hacıyev
Azərbaycanlı övladıyıq hamımız
İstərik yurdumuz can Azərbaycan,
Bəxtəvər bir ölkə olsun hər zaman.
Hər zərrəsi gözümüzün nurudur,
Daşı, çölü, düzü can qürurudur.
Gecə-gündüz biz gərək zəhmət çəkək,
Hər qarışçün neçə möhnət çəkək.
Əcdadımız bu torpaqda doğulub,
Qismətləri gah gül, gah tikan olub.
Biz hər kimik: ya tat, ya kürd, ya talış,
Vətən keçən yerdə olaq nazbalış.
Bizlər ki, bir xalqıq: ləzgi, türk udin,
Qardaşlaşın bir-birinə əl verin!
Aramıza düşmən nifaq salmasın,
Bədxahımız sevinib kam almasın.
Bir olub amalımız, birdir istiqbalımız,
Azərbaycan övladıyıq hamımız.
Heç vaxt milli ədavətlə sazımız köklənməyib,
Bir oturub, bir durmuşuq, sözümüz təklənməyib.
Taleyimiztək qarışıb can cana, qəlb ürəyə,
Xidmət edib hər kəs
Bir əhdə, bir diləyə.
Burda qənim kəsilməyib
İnsan insana heç vaxt.
Bir bədəndə bir ürəyik
Dostluq olub bizə bəxt.
Dünyaları dolaşsaq da,
Baş vursaqda hər yana,
Gündə yüz yol qurban olaq
Doğma azərbaycana.

25.04.97

Etiketlər