Paşinyanın Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsi ilə bağlı sərsəmləməsi Azərbaycanda yaşayan Axısxa türklərinin etirazına səbəb olub

Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanla bağlı sərsəmləməsi Azərbaycanda yaşayan Axısxa (Mesxeti) türkləri icmasının etirazına səbəb olub.

İcmanın bununla bağlı bəyanatında deyilir: Sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Ordumuzun qətiyyətli addımları sayəsində Azərbaycanın tarixi torpaqları düşməndən təmizlənir. İllərdir Ermənistan hakimiyyətinin Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarının olması hamıya məlumdur, baxmayaraq ki, bütün dünya ölkələri tərəfindən beynəlxalq hüququn normalarına əsasən bu bölgə Azərbaycanın suveren ərazisi kimi tanınır. Çox təəssüf ki, Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti bu gün də özünü büruzə verir. Bunun bariz nümunəsi bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsində Gürcüstanın ərazisi olan Samtsxe-Cavaxetiya bölgəsində keçirilən mitinqin şəklini paylaşaraq bu bölgəni "Cavax" adlandırması olub. Qeyd edək ki, bu bölgə tarix boyu Axısxa (Mesxeti) türklərinin əzəli vətəni olub və ermənilər bu əraziyə sonradan yerləşdirilib. Biz Azərbaycanda yaşayan Axısxa türkləri olaraq Samtsxe-Cavaxetiya bölgəsini digər bölgələr kimi Gürcüstanın suveren ərazisi kimi tanıyır və qəbul edirik. Azərbaycanda yaşayan Axısxa türkləri "Vətən" İctimai Birliyi olaraq bütün beynəlxalq platformalarda, konfrans və konqreslərdə Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatlarla çıxış edirik. İllərdir Birliyin İdarə Heyətinin üzvləri, sədri olaraq Gürcüstanı rəsmiləri ilə görüşdə ermənilərin Dağlıq Qarabağdan sonra Gürcüstana ərazi iddiaları olması proqnozlarımızı çox təəssüf ki, görməyə başlayırıq. Bəyanat verməklə Ermənistan baş nazirinin bu paylaşımını şiddətlə qınayaraq, Gürcüstan hökumətindən və dost gürcü xalqından bu kimi yersiz çıxışlara öz haqlı mövqelərini göstərmələrini xahiş edirik”.

Bəyanat Azərbaycanda yaşayan Axısxa türkləri “Vətən” İctimai Birliyi və icmanın sədri İsmayıl Rəhimov tərəfindən imzalanıb.

Etiketlər