Azərbaycan multikulturalizmi Çində təqdim olunub
5-25 may tarixlərində Çində bu ölkənin Ticarət Nazirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Çinin Ninqbo Politexnik Universitetinin (NPU) birgə təşkilatçılığı ilə “Bir cığır, bir yol üzərində inkişaf etməkdə olan ölkələrdən müəllimlər üçün seminar” (Seminar for Teachers from developing Countries along the One Belt One road) təşkil olunub.
Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama və Misirdən nümayəndələrin iştirak etdiyi seminara Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova da qatılıb. Kafedra müdiri Ningbo Politexnik, Renmin və Pekin Xarici Dillər universitetlərində Azərbaycanla bağlı təqdimatda “Multikulturalizm Azərbaycanda həyat tərzi” adlı mühazirəylə çıxış edib. Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə təşkil olunan mühazirənin məqsədi qədim sivilizasiya məkanlarından olan Çin ictimaiyyətini Azərbaycanın multikulturalizm mühiti, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında məlumatlandırmaq, iki ölkənin müvafiq sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.
Mühazirə zamanı qeyd olunub ki, multikulturalizm hazırda Azərbaycanda alternativi olmayan həyat tərzidir: “Müxtəlif dinlərə və fərqli etnik mənşəyə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətidir. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti kimi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Akademik Kamal Abdullayevin də qeyd elədiyi kimi, Ümumilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezidentin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması bunun bariz nümunəsidir”.
Ülviyyə Abbasova çıxışında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında Azərbaycandakı multikulturalizm dəyərlərinin dünyanın 13 müxtəlif universitetində bir fənn kimi tədris olunduğunu, sözügedən qurumun Azərbaycanda xarici tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil etdiyini vurğulayıb.
Ülviyyə Abbasovanın təşəbbüsü ilə adıçəkilən universitetlərin rəhbərliyi ilə keçirilmiş gorüşlərdə ölkələrimizin təhsil, mədəni və multikulturalizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı mühazirələrin, müəllim və tələbə mübadiləsinin təşkilinin faydalı olacağı diqqətə çatdırılıb. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən film nümayiş olunub, müəllim və tələbələrin sualları cavablandırılıb.
Запись Azərbaycan multikulturalizmi Çində təqdim olunub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.