Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Səməd Vurğun adına Kiyev Kitabxanasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Səməd Vurğun adına Kitabxananın dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov çıxışında Xocalı faciəsinin XX əsrin sonundakı ən dəhşətli vəhşiliklərdən biri olduğunu və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, ümumbəşəri dəyərlərə və humanizmə qarşı cinayət olduğunu qeyd edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Namiq Niftullayev iştirakçılara ermənilərin Xocalıdakı vəhşiliklərini təsdiqləyən və hətta törədilən qırğına haqq qazandırmağa çalışdıqları çoxsaylı açıqlamalarından danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk mərkəzin ukraynalıların tarixi həqiqətlər, xüsusən də Xocalı qətliamı barədə məlumatlandırılması üçün Ukraynada həyata keçirdiyi layihələrdən danışıb. “Bir çox ukraynalı, xüsusən də gənclər tarixi həqiqətlərlə bağlı layihələrin fəal iştirakçılarıdır. Bunu ukraynalıların Azərbaycan xalqına şəfqət göstərməsi və Xocalıya ədalət tələb etməsi, vəhşilik edənlərə cəza tələb etməsi faktı təsdiqləyir”, - deyə o qeyd edib.

Tədbirdə tarixçilər və gənc fəallar da çıxış ediblər. Ukrayna gənclərinin nümayəndələri Xocalı ilə bağlı məruzələr edib, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Ukraynalı alimlər erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə mövzusunda araşdırmalar təqdim ediblər.

Etiketlər