Azərbaycan multikulturalizmi xarici ölkələrdə böyük maraqla qarşılanır
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi uğurla davam edir. Hazırda İsveçrə, indoneziya, Rusiya universitetlərində “Azərbaycan multikulturalizmi” fənni üzrə növbəti mühazirələr təqdim olunur. İsveçrənin nüfuzulu Frayburq Universitetində fənnin tədrisini Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, İndoneziyanın Qacah Mada Universitetində Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Rusiyanın Ural Federal Universitetində professor Aleksandr Nesterov tədris edir. Müəllimlərin verdikləri məlumarta görə, təqdim edilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanır.
İsveçrədən yenicə qayıdan Rəfi Qurbanov tədris prosesiylə bağlı bunları söyləyib: “Mühazirələr cari ilin 19-29 fevral tarixlərində BBMM-in və Frayburq Universitetinin “Sosial elmlər” fakultəsinin təşkilatçılığı ilə keçirilib. Dərslərdə tarix, sosial elmlər, ilahiyyat və antropologiya fakultələrinin tələbələri iştirakı ediblər. Ümumilikdə 20-dən çox tələbənin iştirakı etdiyi dərslərdə “Mədəni müxtəliflik kontekstində milli kimlik”, “Dövlət-din münasibətləri”, “Radikalizmlə münbarizədə dini icmaların rolu”, “Milli dəyərlərin təbliğində dövlət siyasəti” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunulub, işğal olunmuş ərazilərdə milli və mənəvi dəyərlərimizin ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Onu da qeyd edək ki, bu və digər mövzular ətrafında mütəmadi olaraq sosial elmlər fakultəsinin professor və müəllim heyəti ilə də müzakirələr aparılıb. Müzakirələr zamanı Multikulturalizm Mərkəzi ilə Frayburq Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.”
Hazırda İndoneziyanın Qacah Mada Universitetində tədrisi davam etdirən professor Həbib Zərbəliyev də mühazirələrin uğurla davam etdiyini söyləyib. O qeyd edib ki, fevralın 26-da keçirilən dərs Xocalı söyqırımına həsr olunub. Dərsdə ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soqırımı haqqında ətraflı məlumat verilib, Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli filmlər (“Khojaly genocide documentary”, “Endless corridor” – İndoneziya dilində subtitrlərlə) nümayiş etdirilib və tələbələrun faciə ilə bağlı sualları cavablandırılıb.
BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində bu semestrin sonunadək Koreya, İtaliya və Gürcüstan universitetlərində də “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçiriləcək. Ölkəmizin beynəlxalq arenadakı müsbət imicinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni müxtəlifliyin idarə edilməsi sahəsində əldə etdiyi uğurlu təcrübənin təbliği məqsədilə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmə həsr edilmiş mühazirələri digər xarici ölkə universitetlərində də davam etdirməyi planlaşdırır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti