Multikulturalizm və tolerantlıq azərbaycançılıq ideologiyasının tərkib hissəsidir
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Elə bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün Onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da qəzetimizə açıqlamasında bildirib ki,
Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri yaşayır və dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. Onun sözlərinə görə, bəşəriyyətin tarixi təkamül prosesi göstərdi ki, hər bir dövlətin uzun ömürlülüyünü təmin edən, cəmiyyəti öz ətrafında birləşdirməyə qadir, eyni zamanda, xalqın mental düşüncəsində dərin kök salmış bir ideologiyaya ehtiyac vardır: “Bu faktor çoxmillətli və çoxkonfessiyalılığı ilə tanınan ölkələr üçün daha aktualdır, desək, yanılmarıq. Etnokonfessional müstəvidə fərqliliklərin ilkin mövcudluğu ilə səciyyələnən Azərbaycanın bir ölkə kimi öz tarixi coğrafiyasında yüzillər boyu üzləşdiyi sınaqları dəf etmək əzmkarlığı, kimliyini qoruması məhz bu birlik sayəsində mümkün olub. Çağdaş dövrdə birləşdirici faktor və həmrəyliyimizin ifadəçisi kimi çıxış edən azərbaycançılıq məfkurəsi, eləcə də multikultural cəmiyyət anlayışı forma baxımından yeni olasalar da, mahiyyət etibarilə Azərbaycana yad olmayan sosial münasibətlər toplusudur”.
Gündüz İsmayılov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi illərdə xalq üçün taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirdi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi, xalqımız iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtulmuş oldu. Onun sözlərinə görə, imperiya siyasətinin müstəmləkə torpaqlarına yalnız xammal bazası kimi yanaşdığı, istehsal müəssisələrinin yaradılmasına hər cür maneçilik törədildiyi vaxtda Sovet rejiminin analoji addımı bu dəfə Heydər Əliyevin Azərbaycan təəssübkeşliyi, xalqın maraqlarını özündə əks etdirən qəti və uzaqgörən strategiyası qarşısında iflasa uğradı. Belə ki, ötən əsrin 70-ci və 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar respublika, yaxud xammal bazası rolu oynayan ölkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirdi. Eyni zamanda, həmin illərdə Heydər Əliyevin keçmiş ittifaqın müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərdiyi çoxsaylı azərbaycanlı tələbələr sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında və Azərbaycanın həyatında hərtərəfli xidmətləri ilə yadda qaldılar.
Fikirlərinə davam edən komitə sədrinin müavini bildirib ki, Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir: “Azərbaycançılıq məfkurəsini cəmiyyətdə sabitlik, əminamanlığı təmin edib dövlətçiliyin stabil əsaslar üzərində tərəqqisinə geniş üfüqlər açmaqla yanaşı, digər tərəfdən öz humanist və bəşəri mahiyyəti ilə xarakterizə etmək olar. Nəzərə alsaq ki, burada həm də ayrı-ayrı din, dil və mədəniyyət daşıyıcılarına nəinki toxunulmazlıq hüququ verilir, hətta azlıq və çoxluq təşkil etməsindən asılı olmayaraq bərabər miqyasda hörmət ehtiram göstərilir, bu ideologiyanın humanist və bəşəri mahiyyətini aydın təsəvvür etmək olar. Qürur hissi ilə deyə bilərik ki, bu gün azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orjinallığı ilə seçilir. Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş bəzi ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edir, hətta bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırıb”.
Gündüz İsmayılov deyib ki, hazırda beynəlxalq aləmdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartların hakim kəsildiyi şəraitdə humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil. Əfsuslar olsun ki, irqçi təmayüllərin, ksenofobiya və neçə-neçə qeyri-insani yanaşma tərzinin gücləndiyi, hətta, ölüm hökmü kimi mürtəce cəza növlərinin kütləvi tətbiqi ilə diqqəti çəkən xarici dairələr az qalsın Azərbaycana insan hüquqları, yaxud din, mənəviyyat “dərs”i keçməyə çalışırlar: “Qeyd olunan neqativ mənzərənin fonunda Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısının birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunması ilə bağlı Prezident Sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd etmək olar”.
Gündüz İsmayılov deyib ki, tarixə nəzər salsaq, eyni zamanda, müasir dünya reallığına diqqət yetirsək görərik ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında reallaşmayıb, bu gah assimilyasiya, gah da izoliyasiya kimi neqativ formalarda təzahür edib: “Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan bəzi xarici dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Burada multikulturalizmin mövcudluğuna iddia edən bir sıra ölkələrdəki situasiyanı izləmək insanda gerçəkliyi əks etdirən təsəvvür yaratmaqla yanaşı, Azərbaycan reallığının rasional və obyektiv dərki baxımından da bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bəzi Qərb ölkələrində multikulturalizm kimi təqdim olunan sosial münasibətin Azərbaycanla formaca oxşar cəhətləri sezilsə də, məzmun etibarilə fərqli səciyyə daşıması diqqətdən yayınmır. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qoruyub, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar - dövlət siyasəti əlavə olunub ki, bu da respublikamızda multikultural mühitin uğurlu perspektivlərini təmin edir. “Qoca qitə”nin təqdim etdiyi “multikulturalizm” isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət ehtiramdan deyil, ən yaxşı halda sadəcə “dözümlü” münasibətdən ibarətdir. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində anoloqsuz ənənə halına salmış eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmialternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək belə özlüyündə qüsurlu görünür”.
Digər tərəfdən, dünya təcrübəsindən məlumdur ki, çoxmədəniyyətliliyin söykəndiyi müxtəliflik mühiti ilkin və sonrakı müxtəliflik adlanan formalarda təzahür edir. Multikulturalizmin təntənəsi və iflasında bu amillərin nəzərəçarpacaq rolu olsa da, Azərbaycanda multikultural münasibətlərin uğurlu həlli əsas etibarilə cəmiyyətin özünəməxsusluğu və spesifik dövlət siyasətinin tənzimləyici faktor kimi çıxış etməsindən irəli gəlir. Beləliklə, cəmiyyətdə mövcud olan tolerantlıq, xoşgörü, dinc birgəyaşayış “yuxarıdan gələn” pozitiv müdaxilə ilə möhkəmlənib, müxtəlifliklər problem kimi deyil, gerçək mənada zənginlik kimi təqdim olunub. Hadisələrin gedişi göstərdi ki, fərqliliklərin növü multikulturalizmin dayanıqlı sosial münasibət modeli kimi formalaşmasında həlledici faktor deyildir. Belə ki, istər “ilkin müxtəlifli”yin mövcud olduğu Müsəlman Şərqi, istərsə də “sonrakı müxtəlifli”yin xas olduğu Qərb dünyasında müşahidə edilən mənzərə mövcud olan müsbət ənənələrin “yuxarıdan” uğurlu tənzimlənməsini qaçılmaz zərurətə çevirib.
Komitə sədrinin müavini əlavə edib ki, Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb edib. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir. Bir sözlə, multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Preziden İlham Əliyevin “Multikultutalizm Azərbaycanda həyat tərzidir” fikri bu sahədəki reallıqların ən aydın ifadəsidir”.
Öz növbəsində, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bildirib ki, hazırda dünyanın dörd bir tərəfində müxtəlif etnik-dini separatizmin tüğyan etdiyi bir vaxtda ölkəmizdəki siyasi sabitliyə və iqtisadi inkişafa görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq: “Respublikamız üçün çətin tarixi bir dövr olan müstəqilliyin ilk illərində Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə mütəmadi görüşürdü. Məhz bu bərabər qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırılmasına, müstəqil dövlətimizin daha da qüdrətlənməsinə öz töhfələrini verirlər. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm tərkib hissələrindən biri hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün etnosların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Heydər Əliyev xalqı vahid ideologiya ətrafına toplayaraq Azərbaycan bayrağı altında birləşdirməyi bacaran fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın ən dəyərli keyfiyyətlərindən olan başqa xalqların hüquqlarına, mədəni-mənəvi irslərinə sayğıyla yanaşma xüsusiyyətini azərbaycançılıq milli ideologiyası səviyyəsində zirvəyə qaldırdı. Bir sözlə, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində respublikamız daxilindəki etnik-mədəni zəmində çaxnaşmalara son verildi, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yolunda addımlamağa başladı. Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararkən tarixən bu torpaqları özünə vətən seçmiş, əsrlərdir burada yaşayan xalqların nümayəndələrini bu ali ideologiya ətrafında birləşdirərək qüdrətli, multikultural Azərbaycanın memarı oldu. Bu da inamla söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin siyasi banisidir”.
İcraçı direktorun sözlərinə görə, bu gün Azərbaycanın müxtəlif spektrlərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət də Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir”.
Xatırlatmaq yerinə düşər ki, multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.
Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.
Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı Fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir: “Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərdiyi illər ərzində Prezidentin qarşıya qoyduğu hədəflərə uyğun olaraq çoxsaylı regional və beynəlxalq layihələrə imza atıb. Bu layihələrə hazırda 20 xarici ölkə universitetində, ölkəmizin isə 40 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi fənninin tədrisi, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması, sayca 4 (dörd) beynəlxalq multikulturalizm yay və qış məktəbinin təşkili, Azərbaycanın Gənc Dostları Klubunun yaradılması, Azərbaycanın ev sahibliyi etdiyi dövlət səviyyəli beynəlxalq tədbirlərdə BBMM-in ayrıca panellərlə çıxış etməsi, multikultural dəyərlərimizin təbliği məqsədilə Azərbaycan, rus və ingilis dillərində ədəbi-bədii, ictimai-siyasi, fəlsəfi məzmunda müxtəlif nəşrlərin və dərsliklərin hazırlanması aiddir. Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesin təşviqi naminə önəmli təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək dəyərləndirilir”.
Rəvan Həsənov onu da əlavə edib ki, məhz bundan irəli gələrək son illər ölkəmiz sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm mərkəz rolunu oynayır. 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, “əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik”. Dövlət başçısı “Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”, - deyə bildirib. Bütün bunları xatırlatmaqla yanaşı əminliklə bildirirəm ki, qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkana çevrilən Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi kimi gələcəkdə də dünyada multikulturalizmin təbliğatçısı, təşviqatçısı və müdafiəçisi kimi öz statusunu və əhəmiyyətini qoruyacaq”, - deyə icraçı direktor əlavə edib.