Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası yaradıldı

 

 IMG_4489

Fevralın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Məşvərət Şurasının yaradılması ilə bağlı tədbir keçirilib.

Mərasimdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq Mərkəzin fəaliyyətinin genişləndiyini vurğulayıb, qurumun nizamnaməsinə uyğun olaraq Məşvərət Şurasının yaradılmasının vacibliyindən danışıb. A. Məmmədov rəhbəri olduğu qurum adından Məşvərət Şurasının sədrliyinə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin namizədliyini irəli sürüb. Dövlət müşaviri səsvermə nəticəsində yekdilliklə sədr seçilib.

Akademik Kamal Abdullayev çıxışına Xocalı şəhidlərini yad etməklə başlayıb: “Əslində Xocalı faciəsi həmişə xatirimizdədir, heç unudulan bir tarix deyil. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi həm siyasi, həm ideoloji işlər təqdirəlayiqdir. Bu gün cənab Prezident “Xocalı harayı” abidəsinin ziyarət edib və əlbəttə ki, onun bu hadisələrə siyasi münasibəti son dərəcə önəmlidir. Harada, hansı ölkədə olmasından asılı olmayaraq cənab Prezident Azərbaycan xalqının başına gətirilən müsibətlə bağlı öz sözünü deyir və artıq dünyada bir çox ölkələr də Xocalı faciəsini azərbaycanlıların soyqırımı kimi qəbul edirlər. Bunun böyük siyasi önəmi var”.

Dövlət müşaviri bildirib ki, BBMM-in nizamnaməsində öz əksini tapan məsələlər addım-addım həyata keçirilir: “Nizamnamədə yaradılması nəzərdə tutulan Məşvərət Şurası bizim müstəvidə daha çox ideyaverici bir orqan kimi icraedici orqan olan Multikulturalizm Mərkəzinin fəaliyyətini tənzimləyən bir qurumdur. Bu faktiki olaraq, elmi, dini, mədəni ictimaiyyətin müxtəlif təbəqələrinin bizim işlərimizdə aktiv iştirak eləməsi və əslində multikulturalizm ideyalarının bu şəkildə ictimai prosesin nəticəsi kimi həyata keçirilməsidir. Faktiki olaraq Məşvərət Şurasının yaranması ilə Multikulturalizm Mərkəzinin fəaliyyəti bir- birini tamamlamaq məqsədi güdür. Mənə elə gəlir ki, Multikulturalizm Mərkəzi faktiki olaraq Məşvərət Şurasının irəli sürdüyü layihələri, ideyaları həyata keçirmək, onların reallaşdırılması, gerçəkləşdirilməsi ilə məşğul olacaq. Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan eləməklə Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə mesaj vermiş oldu. Bu da azərbaycanlıların tarixən və bu gün də hansı ideallarla yaşadığına işarə idi. Biz öz sülhsevər təbiətimizi, öz mənəvi -əxlaqi keyfiyyətlərimizi “Multikulturalizm ili” fonunda daha aydın, daha real, daha faydalı və daha optimal şəkildə çatdıra bilərik. Qarşımızda ciddi məsələlər durur. “Multikulturalizm ili” bu il üçün elan olunsa da, bu il yekunlaşmır. Cənab prezident həmişə hədəfləri elə göstərir ki, o hədəf bir il müddətində temp yığır, güclü potensial müəyyənləşdirir. Bununla da sonralar daha yaxşı, daha aydın və müntəzəm şəkildə inkişaf üçün ciddi bir zəmin hazırlanmış olur. Cənab prezidentin arzusu da, məramı da ondan ibarətdir ki, bu gün siyasi iradə ilə “Multikulturalizm ili” şəklində ortalığa çıxan və bir ili əhatə edən fəaliyyətimiz bu il elə bir güc, potensial yığsın və elə bir mexanizm yaransın ki, o mexanizm gələcək onillərdə də faydalı bir iş prinsipinə dönsün”.

Tədbirdə Məşvərət Şurasının komissiyaları müəyyənləşib, sonra səsvermə yolu ilə komissiya sədrləri seçilib, sədr müavinləri, eləcə də komissiya üzvləri müəyyənləşib.

Səsvermənin nəticələrinə əsasən AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru,   akademik Vaqif Abbasov Elm komissiyası, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Təhsil komissiyası, tanınmış jurnalist Tofiq Abbasov KİV və İctimaiyyətlə əlaqə komissiyası, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini  Ədalət Vəliyev Mədəni-ictimai fəaliyyət komissiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Dini məsələlər üzrə komissiya və tarix elmləri doktoru Məryəm Seyidbəyli Xarici əlaqələr komissiyasının sədri seçilib. Məşvərət Şurasının ümumi məsul katibi BBMM-in əməkdaşı Rəşad İlyasov təyin edilib.

Tanınmış tarixçi, ilahiyyatçı, kimyaçı alimlərdən, görkəmli elm, mədəniyyət xadimləri və ziyalılardan ibarət komissiya sədrləri və nümayəndələrinin də çıxışlarında qeyd etdiyi kimi, yeni yaranmış Məşvərət Şurası Azərbaycan multikulturalizmi ideyalarının ölkəmizdə və dünyada təbliği, təşviqi istiqamətində cəmiyyət-dövlət qarşılıqlı əlaqəsinin inkişafına öz layiqli töhfələrini verəcək.

 

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası yaradıldı впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.