"Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Bibliya Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusuna həsr olunan konfrans keçirilib.
Tədbirdə çıxış edən DQİDK sədr müavini Səyavuş Heydərov bildirib ki, dinlərarası harmoniya bir çox ölkələrdə mövcuddur. Azərbaycanı fərqləndirən cəhət budur ki, tarixən formalaşan bu mühit xalqın həyat tərzinə çevrilib: "Eyni zamanda bu, artıq dövlət siyasətinə çevrilib. Azərbaycanda formalaşan bu modelə maraq daha da artır. Dünya birliyi başa düşür ki, nə qədər güclü iqtisadiyyata, hərbi potensiala malik olsalar da, mənəvi dəyərlər sistemi pozularsa, dünyada sülhü, birliyi, həmrəyliyi əldə etmək qeyri-mümkün məsələdir".
Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev bildirib ki, Azərbaycan müxtəlif dinləri birləşdirən müqəddəs Vətəndir: "Azərbaycan bizim evimizdir. Burada müxtəlif dinlər sülh, rahat şəraitdə yaşayır. Biz müxtəlif dinlərə məxsus olsaq da, məqsədimiz Azərbaycanın ictimai-siyasi sabitliyidir. Tolerantlıq qanımızda, şüurumuzdadır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası siyasətin uğurla təşkil olunmasında mədəni körpü rolunu oynayır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitutda İslamla yanaşı, xristianlıq dininin tarixi də öyrədilir: “Növbəti illərdə xristianlıq və yəhudiliklə bağlı fənlərə geniş yer verməyi planlaşdırırıq. Bilirəm ki, bu, çətin prosesdir. Burada mütəxəssis məsələsi də var. Amma hesab edirəm ki, ölkədə fəaliyyət göstərən icmalarla birlikdə bu sahədə də uğur qazanacağıq".
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə qeyd edib ki, dinlərin əsas sütunu ortaq dəyərlərdir: "Müasir dövrdə dəyərlərin qorunmasında dinlərin böyük rolu var. Azərbaycandakı dinlər bizim mədəniyyətimizin qurulmasında böyük rol oynayıb. Azərbaycanda İslamdan əvvəl də müxtəlif dinlər olub. Azərbaycanın xaricdə tanıdılması üçün ölkəmizdəki dini konfessiyalar da müxtəlif işlər görürlər. Amma bununla bağlı işlər daha da artırılmalıdır. Biz dünyanın ən aparıcı kanallarına, mətbuatına çıxmalı, sosial şəbəkələrdə olmalı və təbliğatımızı aparmalıyıq".