XVI Beynəlxalq Multikulturalizm Məktəbi yekunlaşıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbi yekunlaşıb. Bağlanış mərasimində məktəb iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, mart ayının 3-dən 10-dək davam edən Məktəb Bakı şəhəri ilə yanaşı Quba və Qusar rayonlarında da fəaliyyət göstərib. XVI Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən olan 25 tələbə iştirak edib.
Məktəb iştirakçıları xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər.
XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında məruzələr dinləyiblər. Məruzələri Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq şöbəsinin müdiri Anar Qafarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kunina, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Esmira Tağıyeva təqdim ediblər. Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.
XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Quba və Qusar rayonlarında ekskursiyaları təşkil edilib – İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış olublar, “Giləki” sinaqoqunu ziyarət ediblər.
Qonaqlar həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində olublar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla görüşüblər.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin keçirilməsidir. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin Azərbaycan multikulturalizmi haqqında nəzəri şəkildə öyrəndiklərini əyani olaraq göstərməkdir.