XVI Beynəlxalq Multikulturalizm Məktəbi uğurla başa çatdı
“Tolerantlıq, multikulturalizm anlayışı qlobal bir məsələdir. Çünki hazırda dinlər, cəmiyyətlər arası bir sıra münaqişələr mövcuddur. Biz gələcək nəsil olaraq bu münaqişələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Bunun üçün də Beynəlxalq Multikulturalizm Məktəbi kimi tədbirlər çox gözəl imkanlar yaradır. Düşünürəm ki, kiçik işlərdən başlayıb dünyada gedən böyük proseslərə təsir edə bilərik. Münaqişələrdən, müharibələrdən uzaq ola bilərik. Biz gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik” Bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Braziliyadan olan iştirakçısı Ana Luizaya aiddir.
Əgər biz Azərbaycan Multikulturalizmini öyrənən tələbələrdə bu fikiləri formalaşdıra bilmişiksə, demək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən 10 il ərzində gənclərlə iş istiqamətində mühüm addımlar ata bilib.
BBMM yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Nəzərə alsaq ki, bu günədək ötən 10 il ərzində Azərbaycan multikulturalizmi fənni Azərbaycanın 40-dan çox, dünyanın isə 28 universitetində tədris olunub, bu gün dünyada ölkəmizin yüzlərlə gənc dostu var, hansı ki, Beynəlxalq Multikulturalizm Məktəbində iştirak ediblər və Azərbaycandakı tolerant, multikultural mühitin şahidi olublar. Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycan multikulturalizm modelini daha yaxından tanımaq və onu dünyada təbliğ etmək imkanı yaradan unikal bir platformadır. Bu proqram çərçivəsində iştirakçılar Azərbaycan cəmiyyətində multikultural dəyərlərin necə qorunduğunu və inkişaf etdirildiyini öyrənirlər. Bu məktəbin iştirakçıları öz ölkələrində multikulturalizmin təbliğatçıları kimi çıxış edərək, həm Azərbaycan modelini təqdim edir, həm də qlobal multikultural mühitin inkişafına töhfə verirlər. Onlar dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayararq bir məqsədlə – multikultural dəyərləri öyrənmək, təbliğ etmək və qlobal mədəni dialoqu inkişaf etdirmək üçün bir araya gəlirlər.
Cari ilin martın 3-dən 10-dək davam edən XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edirdi. İştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat verildi. Məktəb müddətində iştirakçılar üçün mühazirələr, seminarlar və müzakirələr təşkil olundu. Onlar “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında mühazirələr dinlədilər. Bu mövzular Azərbaycanda multikulturalizm və dini müxtəliflik kontekstində çox vacib məsələləri əhatə edir. Mühazirələri dinləyən xarici tələbələr Azərbaycanda fərqli dinlərin və etnik qrupların tarixən sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, dini tolerantlıq ənənələri, dövlətin din siyasəti və multikulturalizm modeli haqqında ətraflı məlumat aldılar. Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktorunun mühüm rolu, müxtəlif etnik və dini qrupların Azərbaycan cəmiyyətinin sosial və mədəni inkişafına verdiyi töhfələr, multikultural dəyərlər, birgəyaşayış prinsipləri və onların sosial inteqrasiyadakı önəmi haqda müzakirələr apardılar. Hüquqi çərçivəsində dövlətin multikulturalizm siyasəti və qanunvericiliyin müxtəlif etnik və dini qrupların hüquqlarının qorunması ilə bağlı verdiyi üstünlükləri öyrəndilər.
Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirərək onların bir-birlərini daha yaxından tanımasına və qarşılıqlı anlayış qurmasına imkan yaradır. Bu proses, qlobal səviyyədə sülh və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Məktəbdə iştirakçılar müxtəlif mədəniyyətlər, dini inanclar və ənənələrlə tanış olur, eyni zamanda, öz ölkələrində mövcud olan multikultural dəyərləri başqaları ilə bölüşürlər. Məktəb çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamlarda iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər. Bu yanaşma, müxtəlif xalqlar arasında dialoqu gücləndirərək etimad və qarşılıqlı hörmət mühitinin formalaşmasına kömək edir. Hər bir xalqın özünəməxsus musiqisi, geyimləri, milli yeməkləri və rəqsləri olur ki, bunlar həmin xalqın tarixi və mənəvi dəyərlərini əks etdirir. Belə tədbirlər, xüsusilə gənc nəslin mədəni müxtəliflik haqqında məlumatlanmasına və tolerant düşüncənin formalaşmasına səbəb olur.
Beynəlxalq Multikulturalizm Məktəbləri təkcə multikultural dəyərləri təşviq etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı dünyaya tanıtmaq baxımından mühüm rol oynayır. Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində iştirakçıların Azərbaycanın müxtəlif bölgələrinə səfərlərinin təşkil olunuması onların ölkənin zəngin tarixi, mədəni irsi və multikultural ənənələri ilə yaxından tanış olmalarına şərait yaradır. Bu səfərlər zamanı iştirakçılar Azərbaycanın müxtəlif etnik və dini icmalarının yaşadığı bölgələri ziyarət edir, onların həyat tərzi, adət-ənənələri və mədəniyyətləri ilə tanış olurlar.
XVI Beynəlxalq Multikulturalizm Məktəbi Azərbaycanın etnik müxtəlifliyi ilə seçilən Quba və Qusar rayonlarında təşkil olundu. Burada İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış oldular, “Giləki” sinaqoqunu ziyarət etdilər. Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya təşkil edildi. Quba və Qusar səfəri iştirakçılara Azərbaycanın multikultural ənənələrini və dini-etnik müxtəlifliyini daha yaxından öyrənmək imkanı verdi, onlar multikultural dəyərlərin real həyatdakı təcəssümünü gördülər. Həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində oldular. Bu ziyarətlər iştirakçılara Azərbaycanın dini müxtəlifliyi necə qoruduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını əyani şəkildə göstərdi. Onlar ölkədə islam, xristianlıq və yəhudiliyin yanaşı sülh içində mövcud olduğunun, müxtəlif konfessiyaların nümayəndələrinin bir-biri ilə qarşılıqlı hörmət əsasında yaşadıqlarının şahidi oldular.
Məktəb iştirakçılarının xoş təəssüratlarına əsaslanaraq deyə bilərik ki, növbəti Beynəlxalq Multikulturalizm Məktəbini uğurla başa çatdırdıq. Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçıları Azərbaycanın multikulturalizm siyasətinin müxtəlif aspektlərini öyrəndilər. Tədbir boyunca təqdim edilən məruzələr, seminarlar və müzakirələr, Azərbaycanın etnik və dini müxtəliflik içində necə bir arada yaşadığını, bu dəyərlərin gündəlik həyatın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etdi.
Rəvan Həsənov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru