Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlayıb. Fənni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin baş müftisinin xüsusi nümayəndəsi, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov tədris edir.
Fənnin tədrisi 2024-cü ilin sentyabrında “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq İlahiyyat Elmi-Tədris Konfransı çərçivəsində Moskva İslam İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlıq memorandumu çərçivəsində aparılır. Kursun iştirakçıları arasında Rusiya Federasiyasının müxtəlif regionlarından və Mərkəzi Asiya respublikalarından olan tələbələr var.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Bugünədək bu layihə çərçivəsində dünyanın 28 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub.

Etiketlər