Brüsseldə Azərbaycanın İslamofobiya ilə mübarizə siyasətindən danışılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avropa Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Brüsseldə keçirilən müsəlmanlara qarşı nifrət/irqiçilik üzrə əlaqələndirmə görüşündə iştirak edir. 15 Mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən tədbirə Avropa Şurasına üzv dövlətlərdən mövzu üzrə ixtisaslaşmış ekpertlər qatılıblar. 
Görüşdə çıxış edən Rəvan Həsənov bildirib ki, islam mədəniyyətinin bir parçası olan Azərbaycan daim mədəniyyətlər və dinlərarası dialoqda aparıcı rol oynayır. O vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, müxtəlif etnik qruplar, dinlər və mədəniyyətlərin birgə sülh şəraitində yaşadığı məkan olub. Burada İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik və digər dinlərin nümayəndələri bərabərhüquqlu yaşayırlar, ölkədə dinlərarası tolerantlıq siyasəti yüksək səviyyədə qorunur. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi ilə yanaşı, multikulturalizm və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət həyata keçirir.
O, islamofobiya ilə mübarizədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə də diqqət çəkib.  Bildirib ki, dünyada dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək, müxtəlif icmalar arasında dialoqu təşviq etmək Mərkəzin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bu çərçivədə mərkəz, İslamofobiya ilə mübarizə istiqamətində mühüm addımlar atır. Beynəlxalq miqyasda İslamofobiya ilə mübarizəyə yönəlmiş konfranslar və forumlar təşkil edir. Belə tədbirlərin keçirilməsində əsas hədəf islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən alimlər, din xadimləri, qeyri hökumət təşkilatlarının nümayəndələri və siyasətçilər iştirak edir, problemin cəmiyyətə və beynəlxalq münasibətlərə təsirini və həlli yollarını müzakirə edirlər.
Rəvan Həsənov vurğulayıb ki, Azərbaycan hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub, bu siyasətini indi də davam etdirir, öz multikulturalizm siyasəti və bu sahədə fəaliyyət göstərən institutları ilə İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir.

Etiketlər