Texniki ali təhsildə Azərbaycan multikulturalizmi
"Humanitar sahədə təhsil alan tələbədən daha çox, texniki sahədə təhsil alan tələbənin
Azərbaycan multikulturalizminə ciddi şəkildə ehtiyacı var"
Kamal Abdulla, akademik
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən etibarən "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin həm humanitar, həm də texniki sahələr üzrə ixtisaslaşmış universitet və fakültələrdə tədrisini təşkil edir. Hazırda dünyanın 24 ölkəsində, ölkəmizdə isə 40-dək ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində bu fənlər tədris olunur. Mərkəzimimizin apardığı monitorinqlər və şəxsi müşahidələrim deməyə əsas verir ki, ali məktəb tələbələri arasında bu fənn, gündən-günə daha çox mənimsənilənərək, onlar arasında üfüq açıcı funksiya rolunu oynayır.
Xaricdə monitorinqlərin aparılmasında ölkənin tanınmış ictimai-siyasi, dövlət xadimləri və alimləri yaxından iştirak edirlər. Bu monitorinqlər təhlil edilir, perspektivlər və imkanlar barəsində planlar hazırlanır. Təsadüfi deyil ki, mərkəz sırf bu tədris prosesi ilə bağlı xarici və yerli müəllim-tələbə heyətinin iştirakı ilə virtual dəyirmi masa təşkil edib, fikir və mülahizələr kitabça şəklində nəşr olunub. Digər tərəfdən, prosesin nəticəsi kimi BBMM tərəfindən hər il multikulturalizmin yay və qış məktəbləri təşkil olunur. "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərini nəzəri şəkildə öyrənən xarici-yerli tələbə və tədqiqatçılar yay və qış məktəbləri çərçivəsində Azərbaycandakı multikultural mühiti yaxından görür, əyani şəkildə təcrübə aparırlar.
İlkin olaraq qeyd etməliyəm ki, interdisiplinar məzmun və mahiyyət daşıyan bu fənlər, tələbələrin intellektinin, dünyagörüşünün artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Humanitar təmayüllü ali təhsil müəssisələrində, bu fənlərin tədrisini alan tələbələr üçün ciddi bir çətinlik mövcud deyil. Belə ki, onlar orta məktəb dövrlərində aldıqları ədəbiyyat, tarix, coğrafiya və s. humanitar fənləri yeni, multikulturalizm rakursundan öyrənirlər. Bu tələbələr Hötenin "Şərq-Qərb" divanı, Aleksandr Dümanın "Qafqaz" səyahətnaməsi, Volter, Bodler və başqa fransız yazıçı və mütəfəkkirlərinin bir çox əsərini, o cümlədən, Nizami Gəncəvinin multikultural görüşləri yanında Şekspirin, tolerantlığa dair ilk traktat yazan ingilis filosof Con Lokun yazdıqları bu və ya digər dünyagörüşləri ilə tanış olur, mütaliə dairəsini genişləndirirlər. Məhz Azərbaycan multikulturalizminin tədrisindəki bu məzmun və mahiyyət, humanitar təmayüllü tələbələrin mədəniyyətləri dərindən anlama qabiliyyətlərini inkişaf etdirmələrinə səbəb olur.
Yuxarıda qeyd etdiyim məqamlar, humanitar sahə üzrə təhsil alan tələbələrə aiddir. Bu kontekstdə qeyd etməliyəm ki, texniki sahə üzrə tədrislə məşğul olan ali təhsil müəssisələrində də "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri tədris olunur. Bu istiqamətdə tədrisin aparılmasında sözsüz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın əvəzsiz rolu və zəhməti var. Kamal müəllim bu fənlərin texniki ali təhsil müəssisələrində tədrisinə, ilk başdan xüsusi önəm verərək humanitar sahədə təhsil alan tələbədən daha çox, texniki sahədə təhsil alan tələbənin Azərbaycan multikulturalizminə ciddi şəkildə ehtiyacı olduğunu diqqətə çatdırıb.
Humanitar fənn üzrə təhsil alan tələbə, tədris prosesinin məzmun və mahiyyəti çərçivəsində Azərbaycan multikulturalizmindən xəbərdar olur. Ancaq texniki sahədə təhsil alan tələbəyə, bütövlükdə Azərbaycan multikulturalizmi, o cümlədən, Azərbaycançılıq məfkurəsi perspektivindən danışılması yaşadığımız multikultural mühit və dövlət strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu zaman tələbə mənsub olduğu mədəniyyəti, multikulturalizm kontekstində dəyərləndirmə qabiliyyətinə malik olur.
Müasir dövrdə elmi ədəbiyyatda "iki mədəniyyətin" mövcud olduğu qeyd edilir; humanitar və texniki mədəniyyət növləri. Nano texnologiya, süni intellekt və robotlaşdırılmanın sürətlə yayılması texniki elmlərin inkişafı ilə yanaşı, humanitar, daha doğrusu, etik məsələlərin aktuallığından xəbər verir. Digər tərəfdən, identifikasiya, lokal kimliklərin və dəyərlərin geniş müstəvidə yayılması eyni zamanda, texniki sahədəki təhsil müəssisələrinin pedaqoji sistemlərində də əhəmiyyət kəsb edir. Bu baxımdan həm humanitar, həm də texniki sahələrdə interdisiplinar mənada multikultural dəyərlərin inteqrativ əlaqələri yaranır. Bütövlükdə Azərbaycan multikulturalizmi, hər iki sahədə təhsil alan tələbələr üçün dünyagörüşlərinin, xüsusilə Azərbaycançılıq məfkurəsi işığında formalaşması üçün ciddi baza rolunu oynayır.
Mövzu ilə bağlı A.Çexovun "milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur" sözü kontekstində bəzi mülahizələrimizi verə bilərik. Çexovun bu fikri, öz dövründə daha çox inanılan və inkişaf edən dəqiq elmlərə nisbətlə deyilib. Belə ki, müasir elm fəlsəfəsində də texniki elmlərin, yəni fizika, kimya, bilogiya, riyaziyyatın universal mahiyyəti, danılmaz şəkildə qəbul edilir. Ancaq bunların prinsip, kateqoriya və əsasları daha yuxarı bir səviyyədə, metafizik və elm fəlsəfəsində müəyyən olunur. Məhz uzun illər Çikaqo universitetinin rektoru olan təhsil eksperti Robert Hutçinsin bu görüşləri, mövzumuzla birbaşa bağlıdır: "Ali təhsilin hədəfi intellektuallıqdır. İntellektuallıq, prinsipləri və səbəbləri bilməkdir. Təbiət elmlərinin prinsipləri təbiət fəlsəfəsinə əsaslanır. Metafizik ilk prinsiplər bütünə yayılır. Texniki və humanitar elmlər ona istinad edir və ondan sonra gəlir".
Qeyd edək ki, Azərbaycan multikulturalizmi fənni, mədəniyytlərarası dialoq və sivilizasiyalararası münasibətlərin tərkib hissəsidir. Bu mənada A.Toynibinin sivilizasiyaları iyirmi bir, S.Hantiqtonun isə səkkiz hissəyə ayırması fəlsəfi ümumiləşdirmənin nəticəsindədir. Məhz texniki ali təhsil müəssisələrinə də Azərbaycan multikulturalizminin tədrisi bu konseptual məzmun və mahiyyətə malikdir. Azərbaycançılıq məfkurtəsi işığında bu fənn, texniki sahədə ixtisaslaşacaq tələbələr üçün holistik paradiqmanın formalaşmasına səbəb olur. Bu isə, onlarda geniş dünyagörüşünün yaranmasına, xüsusilə milli düşüncəmizin, məfkurəmizin ortaya çıxmasına gətirib çıxarır. Məhz Azərbaycan multikulturalizminin xüsusilə texniki ali təhsil müəssisələrində tədrisi, buradakı tələbələrin milli dünyagörüşlərinin yaranması və inkişafında böyük ölçüdə təsiri var.
Yeri gəlmişkən qeyd etməliyəm ki, bu fənlərin tədrisi üçün BBMM tərəfindən hazırlanan "Azərbaycan multikulturalizmi" dərsliyi və "multikulturalizmə giriş" bu boşluğu mükəmməl şəkildə doldurmaqdadır. Bu tədris prosesində tələbə Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi, ictimai-publisistik və siyasi-hüquqi qaynaqlarını, o cümlədən, Azərbaycan multikulturalizm modeli ilə dünya ölkələrinin multikulturalizm modellərini tanıma və müqayisəli şəkildə öyrənmə fürsətini əldə edir.
Son söz əvəzi onu deyə bilərəm ki, bu fənlərin texniki ali təhsil müəssisələrində tədrisi, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olmasını nəzərə alaraq azaldılmamalı, əksinə, artırılmalı və tətbiqinə daha geniş imkanlar yaradılmalıdır.