AZƏRBAYCANDA ALMANLAR
Almaniya Azərbaycanın mütəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Günümüzdə də Almaniya və Azərbaycan əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində birgə addımlayır. 1991-ci ildə Dyusseldorfda “Almaniya-Azərbaycan” cəmiyyəti yaradılmışdır. Azərbaycana göstərdiyi sonsuz dəstəyə görə cəmiyyət 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşəkkürnaməsini almışdır. Azərbaycan-Almaniya münasibətlərinin tarixi 400 il əvvələ gedib çıxır. Adam Xulyaris adlı alman tədqiqatçısı hələ XVII əsrdə Azərbaycan haqqında məlumatlar toplayırdı1. Dünyada baş verən siyasi-ictimai hadisələrin təsiri altında bir çox xalqlar kimi almanlar da öz vətənlərindən uzaqlara- Rusiyaya, Cənubi Qafqaza köç etmişlər. 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycanda yüzillər boyunca bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır.
Almanların öz yurdlarından didərgin düşməsinə səbəb XIX əsrin əvvəllərində baş vermiş Napoleon müharibələri, durmadan artan vergilər idi. Xüsusən Almaniyanın cənub vilayətləri, Vürtemberq əhalisi müharibədən daha çox əziyyət çəkirdi. Belə ki onlar həm də dini məzhəb baxımından təqib olunur və buna görə vəziyyətdən çıxmaq üçün “bəşəriyyətin beşiyinə yaxın olan” Qafqaza köçmək istəyirdilər. Bu məqsədlə almanlar 1816-cı ildə Vyana konqresindən qayıdan və yolüstü Ştutqart şəhərindən keçən Rusiya imperatoru I Alekcandra kömək üçün müraciət etmişlər2. Ümumiyyətlə, I Aleksandr həm ailə bağları ilə almanlara yaxın idi, həm də onların separatçılıq ideologiyasını qəbul etdiyi və Vyana konqresində Almaniyanın mövqeyini müdafiə etdiyi üçün almanların rəğbətini qazanmışdır. Bütün bunların məntiqi nəticəsi kimi, çar I Aleksandr almanları qəbul edəcəyini, onlara torpaq və dini azadlıq verəcəyini, vergilərdən və hərbi xidmətdən azad edəcəyini vəd etmişdir. Aleksandrın almanların Rusiyaya köçməyinə icazə verməsinin digər səbəbi onun şəxsi planları idi. Belə ki, XIX əsrin əvvələrində Qafqazı işğal edən Rusiya hökumətinin burada həm strateji, həm də iqtisadi maraqları vardı və onlardan ən başlıcası regionda möhkəmlənmək, onun iqtisadi mənimsənilməsini həyata keçirmək, Qafqazı inkişaf etməkdə olan Rusiya sənayesinin xammal bazasına çevirməkdən ibarət idi. Bu strateji vəzifənin yerinə yetirilməsində Rusiya üçün əngəllər yaradan əsas amil - həm Şimali, həm Cənubi Qafqazda yaşayan avtoxton müsəlman əhali idi ki, onlar rus işğalı ilə barışmaq istəmir, azadlıq mübriazəsini davam etdirirdilər. Elə buna görə bütün işğalçı dövlətlər kimi, Rusiya da bölgədə özünə sosial dayaq yaratmaq, burda ilk növbədə Qafqazın müsəlman əhalisinin sayının azaldılmasına, regionda Rusiyaya sadiq slavyan mənşəli və xristianlığa sitayiş edən xalqların yerləşdirilməsinə nail olmaga, Qafqazı Rusiyanın «təbii» ərazisinə çevirməyə çalışırdı. Bu məqsədlə çar höküməti Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra İrandan və Türkiyədən Cənubi Qafqaza təqribən 130 min erməni, 27 min kürd, 16 min aysor (assuriyalı) və sair etnos nümayəndələrini köçürmüşdü. Çarizm üçün Qafqazda həyata keçiriləcək ən vacib vəzifələrdən biri də yeni iqtisadi sahələrin inkişaf etdirilməsi, yeni dünyagörüşünə malik olan, «Avropa mədəniyyətinə» uyğun vətəndaşların tərbiyə edilməsi məsələsi idi. General Yermolovun fikrincə, əsrlərlə müxtəlif dövlətlərin tərkibində yad, aşağı statuslu, azlıq təşkil edən və iqtisadi ixtisaslaşması «xırda ticarətlə» məhdudlaşan, marginal psixologiyaya malik olan ermənilər Cənubi Qafqazın avtoxton əhalisi olan azərbaycanlılara mədəni baxımdan nümunə ola bilməzdilər. Yerli xalqlar üçün belə nümunə yalnız Avropa mədəniyyətinə mənsub xalq – almanlar ola bilərdi. O, almanların sayəsində burda kənd təsərrüfatının, ipəkçiliyin inkişaf etdiriləcəyinə inanırdı.
Yuxarıda qeyd edilən səbəblərə görə çar I Aleksandr böyük şövqlə 1818-ci ildə Vürtemberq mühacirlərinin Qafqaza köçməsinə icazə vermişdi. Almanların 31 ailədən ibarət ilk dəstəsi 1817-ci ildə Gürcüstana gəlir. 1818-ci ildə daha 500 ailə də Tiflisə gəlir. Almanların sayının getdikcə artması gen.Yermolovu bərk narahat edirdi. O, torpaq çatmamazlığını, almanları yerli əhalidən qorumağın qeyri-mümkünlüyünü və digər səbəbləri əsas gətirirdi. 500 alman ailəsini yerləşdirmək üçün canişinlik onlara Gürcüstan ətrafındakı yerləri, Yelizavetpol yaxınlığındakı xanlıqları, Şamxor kəndlərini təklif edirlər. Lakin almanlar onlara təklif edilən yerləri bəyənmirlər, buna səbəb də onların müsəlmanlarla birgə yaşamaq istəməmələri idi. Almanlardan ibarət daha 4 dəstə 1818-ci ildə Tiflisə gəlir. Dövlət torpaq çatışmamazlığını əsas gətirərək qərara gəlir ki, 500 ailəni Yelizavetpolda yerləşdirsin. Beləliklə, 1819-cu ildə alman kolonistləri Gəncə çayının sağ sahilində Yelenendorf koloniyasının əsasını qoydular. Koloniya I Aleksandrın qardaşı Mixail Pavloviçin alman əsilli arvadı Yelenanın şərəfinə belə adlandırılırdı. Dövlət burda məskunlaşan 130 ailəyə 2600 des. torpaq sahəsi verir. Almanlar burda evlər tikir, əkinçilik, üçümçülüklə məşğul olmağa başlayırlar. Azərbaycana gətirilmiş mühacirlərdən 67 ailə isə Şamxor çayının sol sahilində Annenfeld koloniyasının əsasını qoyurlar. Koloniya Niderland kraliçası, çar I Aleksandrın bacısı Anna Pavlovanın şərəfinə adlandırılmışdır.3 Yelenendorf koloniyasına 6.673 des., Annenfeldə isə 3.568 des. torpaq sahəsi ayrılmışdır. Bu koloniyalardan başqa, XX əsrin əvvəllərində almanlar Xanlar, Şəmkir, Qazax, Tovuz və Ağstafa rayonlarında Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər də salmışdılar.
1826-cı ildə başlanan rus-İran müharibəsi nəticəsində Yelenendorf koloniyası darmadağın edilir və almanlar burdan Gəncəyə üz tuturlar. Vəziyyət 1850-ci ildən sonra yenidən sabitləşir. Koloniyalarda üzümçülük, şərabçılıq inkişaf etdirilir. Dövlət kənd təsərrüfatını daha da inkişaf etdirmək məqsədilə hər alman ailəsinə 3 min rubl maddi yardım verir, onları bütün vergilərdən azad edir. Belə əlverişli şəraitdə bir çox işğüzar almanlar öz şəxsi bizneslərini yaradırlar. Belələrinə misal göstərmək olar Forer və Hümmel qardaşlarını. Forerlərin böyük şərabçılıq zavodu, Bakıda və Rusiyada satış məntəqələri vardı. Hümmel qardaşları 1883-cü ildə da çaxır anbarı inşa etmişdilər. 1900-cü ildə burda onların konyak zavodu da inşa edilir. Məhsul satılmaq üçün Bakıya və Tiflisə göndərilirdi. Ümumilikdə, Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi. Xanlar Şampan Şərabı Müəssisəsini də almanlar tikmişlər. Azərbaycanda sənaye üsulu ilə ilk yağ-pendir zavodu da Ziqanter adlı alman tərəfindən Şəmkirdə tikilmişdir. Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olmuşlar.
Alman kolonistləri geoloji kəşfiyyat işləri də məşğul olmuşdular. Belə ki, 1898-ci ildə X.Forer tərəfindən Daşkəsən kəndində dəmir, Annenfelddə isə qızıl yataqları kəşf edilmişdir4. XX əsrin əvvəllərindən alman koloniyalarında iri kooperativlər yaradılmağa başlayır. 1903-cü ildə “Yardım” adlı, sonra isə “Razılıq” adlı ikinci kooperativ yaradılır.
Almanların gətirdikləri idarəetmə forması da Azərbaycan üçün təzə idi. XIX əsrin 30-cu illərində Yelenendorf koloniyasını idarə etmək üçün bələdçi vəzifəsi tətbiq olunmuşdu. Koloniyada hərbi şəraitə uyğun qayda-qanun qoyulmuşdur. Almanlar həmçinin Rusiyaya, Qafqaza seçki mədəniyyəti gətirmişlər. Koloniyaya rəhbərlik seçki yolu ilə müəyyən edilirdi və bu da koloniyanın inkişafına çox müsbət təsir edirdi. Inkişaf özünü şəhərsalma mədəniyyətində də göstərirdi. Mənzərəli təbiəti olan Yelenendorfda alman memarlığı üslubunda 500-ə yaxın yaşayış yeri tikilmiş, 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Evlər bir qayda olaraq, zirzəmili tikilirdi. O vaxt salınmış geniş yollardan hazırda da istifadə edilir.
Almanlar təsərrüfatla məşğul olmaqla yanaşı uşaqların təhsili ilə də ciddi məşğul olurdular. İlk vaxtlar uşaqlara evlərdə keşişlər dərs keçirdilər. 1842-ci ildə isə burda ilk məktəb binası inşa edilir. Həmin bina bugün litsey kimi fəaliyyət göstərir. Almanlar təhsilə çox böyük önəm verirdilər və buna görə onlar arasında demək olar ki, bir nəfər də savadsız yox idi.
Azərbaycanda yaşayan almanlarının əksəriyyəti xristianlığın protestantlıq qoluna etiqad edirdilər. Hökumət tərəfindən tam dini azadlıq alan almanlar ibadət etmək məqsədilə 1857-ci ildə Yelenendorfda ilk protestant kilsəsini tikmişlər. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilmişdir. Alman-lüteranların təşəbbüsü ilə tikilən daha bir kilsə, Bakıda Telefonnaya (indiki 28 May) küçəsində yerləşən Xilaskar kilsəsi - Kirxa 1896-1899-cu illərdə alman memarı Adolf Eyxlerin layihəsi əsasında inşa edilmişdir. Təməlqoyma mərasimində Emmanuel Nobel də iştirak etmiş və tikinti üçün ianə vermişdir. Sovet höküməti 1934-cü ildə binanın sökülməsinə qərar verir. Alman icması məktubla şəxsən İ.Stalinə müraciət edirlər. Bina hazırda orqan musiqisi konsert zalı kimi fəaliyyət göstərir. 15 mart 2010-cu ildə “Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan” Azərbaycan Prezidenti İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayrılır5. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı kilsə binasının açılışında iştirak edirlər. Ölkəmizdə yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırdılar.
Ilk zamanlar alman kolonistlərinin istifadə etdikləri torpaqlar ictimai mülkiyyət sayılırdı. 1912-ci ildə isə Qafqaz canişini Vorontsov-Daşkov Bakı, Yelizavetpol və digər quberniyalarda yaşayan almanların torpaqdan istifadə hüququ barədə yeni qanun layihəsi təklif edir. Yeni qanuna görə, artıq kolonistlərin istifadə etdikləri torpaqlar onların şəxsi mülkiyyətinə verilir. Beləliklə, Qafqazda yaşayan almanlar da yerli əhali kimi bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malik olurlar. Hətta Yelenendorf sakinlərinə rus imperiyasının başqa yerlərinə getmək üçün pasport da verilir. Lakin almanlara olan bu xoş münasibət uzun sürmür.
Çar hökuməti almanların köməyilə Qafqazda yerli əhaliyə yeni təsərrüfat vərdişlərinin aşılanması, regionda xristian xalqlarının sayının artırılması kimi niyyətlərinə müəyyən dərəcədə nail olsa da, kütləvi alman məskunlaşması XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya dövləti üçün təhlükə mənbəyinə çevrilmişdi. Bu narahatçılığın obyektiv əsasları vardı. 1871-ci ildə Almaniyanın birləşməsi prosesinin başa çatması, Rusiya ilə Almaniya arasında münasibətlərin kəskinləşməsi, Almaniyanın Rusiyaya qarşı açıq-aşkar təcavüzə hazırlaşması almanlara olan xoş münasibətin dəyişməsinə səbəb oldu. Çar hökumətinin 1884, 1887, 1888, 1892, 1895-ci illərdə qəbul etdiyi qərarlar Rusiyanın sərhəd zonalarında, o cümlədən, Qafqazda «alman elementi»nin məhdudlaşdırılmasına yönəlmişdi.
1914-cü ildə I Dünya müharibəsinin başlaması ilə Rusiya ilə Almaniya münasibətləri daha da gərginləşir. Canişinin göstərişi ilə almanların üzərində gizli müşahidə sistemi yaradılır, onlara əvvəllər verilmiş hüquq və azadlıqlar ləğv edilir, məktəblərdə alman dilinin təhsili dayandırılır. Hətta Yelenendorf koloniyasının adı belə dəyişdirilərək Yelenina qoyulur. Lakin bu ad çox az müddət işlənir. Koloniya yenə əvvəlki kimi adlandırılır. Hökümət almanlardan məcburi qaydada cəbhəyə maddi yardım göstərilməsini tələb edirdi. Çar I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr etsə də, yalnız Gəncə quberniyasındakı almanlar köçürülməmişdi. O zaman Gəncə ictimaiyyəti, xüsusən də görkəmli maarifçi, ictimai xadim Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub onların Sibirə köçürülməsinə imkan verməmişdilər.
1918-ci ildə AXC-nin yaradılması ilə Azərbaycanda yaşayan bütün milli azlıqlar kimi, almanların da həyatında yeni mərhələ başlayır. Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə 1918-ci il noyabrın 19-da Alman Milli Şurası yaradılır. Şura ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olur. Cümhuriyyət qurucuları hələ hökümət Tiflisdə yerləşərkən alman koloniyalarının hüquq və mənafelərini müdafiə etmək məqsədilə Almaniya höküməti ilə birgə müqavilə layihəsi hazırlamışlar. 9 maddədən ibarət olan layihədə AXC höküməti ölkədə yaşayan bütün alman koloniyalarının maraqlarının müdafiəsini öz üzərinə götürmüş, onların bütün hüquq və azadlıqlarının qorunacağına söz vermişdir. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxmayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq, Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə milli azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən biri Yelenendorfdan olan deputat Lorens Yakov Kuna verilmişdir. Azərbaycanda yaşayan almanların xalqımıza olan münasibəti Lorens Kunun 10 dekabr 1918-ci ildə parlamentdəki çıxışında çox dəqiq ifadə edilmişdir:
“100 il ərzində almanlar və azərbaycanlılar arasında ən səmimi qonşuluq əlaqələri heç vaxt pozulmamışdır. Biz, Azərbaycan almanları öz gələcəyimizə ümidlə baxırıq və qəti əminik ki, gənc Azərbaycan Respublikasının demokratik qanunları əsasında biz öz milli özünəməxsusluğumuza və sülh şəraitində yaşayışımıza imkan tapacağıq. Biz azad Azərbaycanın çiçəklənməsi naminə bütün gücümüzü sərf etməyə hazırıq.6” M.Ə.Rəsulzadə də öz növbəsində parlamentin həmin iclasında çıxış edərək demişdir: “Millət məhkumluluğunun acısını dadmış Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti öz övladlarını ögey-doğmaya ayırmaz.” Bu fikirlər yeni dövlətin milli siyasətinin ana xəttini təşkil edirdi. 1919-cu il avqustun 11-də parlamentin qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında Qanun”a əsasən Azərbaycanda doğulmuş almanlar da onun vətəndaşları hesab olunurdu. Yelenendorfda yaşayan almanlar bura gəlmələrinin 100-cü ildönümünü məhz AXC dövründə təntənə ilə qeyd etmişlər. Bununla əlaqədar, AXC Parlamenti alman icmasına təbrik məktubu da göndərmişdir.
1920-ci ilin aprelində AXC-nin süqutu ilə alman kolonistlərinin həyatında yenidən gərgin dövr başlayır. Elə həmin ilin mayın 18-də hakimiyyətə gələn bolşeviklər burda İnqilabi Komitə yaradır, varlı almanların əmlaklarını müsadirə edir, müxtəlif qadağa və məhdudiyyətlər qoyurlar. Hümmel qardaşlarının mülkləri, əmlakları müsadirə edilir. Əhalinin mal-qarası, arabaları müsadirə edilərək Qızıl Orduya verilir. Bütün 16-17 yaşlı gənc almanlar hərbi komissarlıqlarda məcburən qeydiyyatdan keçirilir. Almanların üzümçülük, şərabçılıq sahəsindəki fəaliyyətlərindən yararlanmaq məqsədilə İnqilabi Komitənin 1920-ci ildə Gəncədə keçirilən iclasda qərara alınır ki, sovet qanunlarına uyğun olaraq yeni kooperativ yaradılsın. Yeni kooperativ “Konkordiya” adlandırılır. 1925-ci ildə dövlət kooperativ üçün 40 des. torpaq sahəsi ayırır. Kooperativin müxtəlif yerlərdə 160-dan çox mağazası vardı. Lakin 1926-cı ildə Konkordiyaya qarşı istintaq işi başlanır və onun rəhbərləri həbs edilir. Nə idi buna səbəb? Əvvəla, Konkordiyanın fəaliyyəti höküməti bərk narahat edirdi. Belə ki, kooperativin fəaliyyətilə bağlı bir rəsmi sənəddə deyilirdi ki, kooperativ özünü qeyri-rəsmi dövlət kimi aparır, gəlirlərinin çox hissəsini məktəb, uşaq bağçaları tikintisinə, səhiyyə sahəsinə yönəldir, Almaniyadan bura müəllimlər dəvət edir, burdan gəncləri oxumaq üçün öz hesabına Almaniyaya göndərir. Buna görə də koloniyadakı təhsilin vəziyyəti sovet qaydalarına yox, Almaniya qaydalarına uyğunlaşdırılmışdır.
1930-cu ildə Yelenendorf koloniyasında yeni rayon - Nərimanov rayonu təşkil edilir. Lakin bir müddət sonra hökümətin N.Nərimanova münasibəti dəyişdikdən sonra 1938-ci ildə rayon inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, rayon mərkəzi isə Xanlar şəhəri adlandırılır. 2008-ci ilin aprelində isə Azərbaycan parlamentinin qərarı ilə Xanlar rayonunun və şəhərinin adı dəyişdirilərək Göygöl olur.
1932-ci ildə da koloniyada “Ernst Telman kolxozu” yaradılır. Almanların istər Kommunist partiyasına, istərsə kolxozlara münasibəti olduqca pis idi. Onların arasında kommunistlər demək olar ki, yox dərəcəsində idi. Ona görə də ideoloji iş aparmaq üçün Moskvadan bura alman kommunistləri dəvət olunurdu.
1933-cü ildə Almaniyada faşizm ideoloqu A.Hitlerin hakimiyyətə gəlişi ilə SSRİ-də yaşayan almanlara münasibət kəskin şəkildə pisləşir. 1934-cü ildə Azərbaycan KP MK-ya ZSFSR-nın Daxili İşlər Komissarı Lordкipanidzenin imzası ilə alman faşizminin Zaqafqaziyada işi barədə arayış göndərilir. Qərara alınır ki, alman əhali arasında siyasi iş gücləndirilsin, fəal antisovet və əksinqilabi əhvallı elementlərə qarşı repressiya tədbirləri görülsün. 30-cu illərdə almanlara qarşı repressiyalar başlayır, NKVD-də hətta xüsusi şöbə yaradılır. Bu tədbirlər nəticəsində şübhə doğuran almanlar işdən çıxarılır, tələbələrin oxumaq üçün Almaniyaya göndərilməsi, Almaniyadan bura elmi ədəbiyyatın gətirilməsi qadağan edilir. Vaxtilə Almaniyada təhsil alıb qayıdan almanların bir çoxu cinayət məsuliyyətinə cəlb edilib, “alman casusu” kimi Sibirə sürgün edilirlər. Onların boynuna qoyulur ki, guya onlar faşizmin təbliğatı ilə məşğul olmuşlar. Bütün bu sərt cəza tədbirlərinə, gərginliyə baxmayaraq, hesablamalara görə 1939-cu ildə SSRİ-də 1mly.427 mindən çox alman yaşayırdı.
Sovet almanlarına qarşı münasibət 1941-ci ildə Almaniyanın SSRİ-ə hücumu nəticəsində son həddə çatır. Hitlerin Qafqazı tutmaq və Bakı neftinə sahiblənmək planları vəziyyəti daha da gərginləşdirir. 1941-ci ildə İ.Stalinin imzaladığı məxfi qərara görə:
- Gürcüstan SSR-dən – 23.580 nəf.
Azərbaycan SSR-dən – 22.741 nəf.
Ermənistan SSR-dən – 212 nəf. alman əhali köçürülməli idi.
- Köçürülmə işi oktyabrın 15-dən 30-dək davam etdirilməli idi.
Bütün köçürülənlər Bakıya, burdan gəmi ilə Qazaxıstana göndərilməli idi. Vaqonlar hazır dursa da, lakin köçürüləcəkləri günə 2 gün qalanadək almanlara köç barədə heç nə deyilməmişdir. Beləliklə, 1941-ci ilin sentyabrında Stalinin əmri ilə 20 mindən çox alman heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün edilmişlər. Yalnız 1955, 1964 və 1872-ci illərdə SSRİ Ali Sovetinin qərarları ilə almanlara xüsusi məskənləşdikləri yerdən köçmək hüququ verilmişdi. Qısa zaman içində Azərbaycandakı bütün alman məskənləri boşaldılır. Boş qalmış yerlərin yenidən məskunlaşdırılması üçün hökümət qərara alır ki, burda 1080 nəf. yerləşdirilsin. Siyasi sənədlər arxivində saxlanılan bir arayışda göstərilirdi ki, Xanlar rayonuna 500 nəf azərbaycanlı və 580 nəf erməni köçürülməlidir. SSRİ-nin dağılmasından sonra almanların çox hissəsi AFR-na emiqrasiya edilmişlər. Yalnız bəzi alman ailələri əvvəl yaşadıqları yerə - Azərbaycana, Bakıya qayıtmışlar.
Tarixən öz tolerantlığı, qonaqpərvərliyi ilə seçilən xalqımız “..Azərbaycandakı alman koloniyaları ilə çox mehriban və səmimi yaşamışdır. Yüz il ərzində almanlarla azərbaycanlılar arasında heç vaxt dini və etnik qarşıdurma olmayıb. Tərəflər biri-birinə çox mehribanlıqla yanaşıblar. Xüsusən yerli sakinlər almanlara xoş münasibət göstərib, onları evlə, yaxşı yaşayışla təmin ediblər”7. Xalqımız almanlara məxsus olan heç bir mədəni irsi dağıtmayıb, məhv etməyib, əksinə, olduğu kimi qoruyub saxlayıb. Dövlət Yelenendorfun vaxtilə almanlar tərəfindən salındığını nəzərə alaraq, onun tarixini yaşatmaq məqsədilə burda əsaslı təmir və yenidənqurma işləri aparıb. Evlərin əvvəlki görkəmi bərpa olunub. Kirxa təmir edilib. Alman qəbiristanlığı səliqəyə salınıb. İlk alman mühacirlər nəslinin sonuncu nümayəndəsi olan Viktor Klein 2007-ci ildə rəhmətə getdikdən sonra onun yaşadığı ev 2014-cü ildə GİZ təşkilatının dəstəyi ilə muzeyə çevrilmişdir. Alman irsi Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun mədəniyyət abidələri siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyi almaniyalı həmkarları ilə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən "Azərbaycanda Alman Məskənləri” adlı layihə hazırlamışdır. Layihəyə Gədəbəydə "Siemens” muzeyinin abadlaşdırılması, Şəmkirdə Alman İrsi Mərkəzinin bərpası, Göygöldə Regional Muzeyin təmir edilməsi daxil edilmişdir. Hazırda ölkəmizdə “Almaniya-Azərbaycan” cəmiyyəti, “Kapelhauz” mədəniyyət mərkəzi, “İntibah” milli-mədəni cəmiyyəti fəaliyyət göstərir. Respublikamızda yaşayan alman xalqının nümayəndələri milli bayramlarını qeyd etmək, kilsəyə getmək və əcdadlarını təqribən iki yüz il Azərbaycanla bağlayan tarixini unutmamaq imkanlarına malikdir. Təəccüblü deyil ki, almanlara və onların Azərbaycandakı mədəni irsinə belə qayğıkeş münasibət alman mətbuatının diqqətindən kənarda qalmamış və bu mövzu ilə bağlı Almaniyanın “The European Circle” adlı jurnalında geniş reportaj hazırlanmışdır. “Alman irsinə malik olan ölkə” adlanan reportajda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev alman irsinin qorunub saxlanmasına şəxsən nəzarət edir və onun qayğısına qalır8.
Beləliklə, yuxarıdakılara əsasən tam əminliklə demək olar ki, ölkəmizdə tarixən hökm sürən etnik və dini rəngarənglik, müxtəlif millətlərin, mədəniyyətlərin və konfessiyaların dinc yanaşı yaşamaları Azərbaycan xalqının tolerantlığından və azsaylı xalqlara hörmətlə yanaşmağından, xalqımızın tarixən multikultural təbiətə və düşüncəyə malik olmasından xəbər verir.
İstifadə edilmiş ədəbiyyat:
- Almaniyanın Azərbaycandakı səfiri Peer Stankina ilə müsahibə, “Mədəniyyət” qəzeti, 14 avqust 2009-cu il
- С.Зейналова, Немцы в Азербайджане: ретроспективный анализ. 2013, стр. 15
- İ.Ağasıyev, XVIII əsrin sonu-XX əsrin əvvəllərində almanların Qafqazda məskunlaşması, Bakı 2009, səh.53
- Ахундова Т. Немцы – колонисты Азербайджана XIX - начало XX вв., Баку 1999, стр.108
- “Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı” 16 mart 2010-cu il
- Rauf A.Quseyn-zade (2007) “Nemsı Azerbayjana” (PDF) (25).
- Boran Əziz ilə müsahibə, “Şərq” qəzeti, 02.07.16
- “The European Circle” internet jurnalı 08. 06.11
Xəlilova Sevda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru