Müasir dünyada mədəniyyətlərarası münasibətlər

ÖN SÖZ

       Mili mədəniyyətlərin inkişaf perspektivlərinin, ümumdünya mədəni proseslərin,mədəniyyətlər arasındakı münasibət və əlaqələrin öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edən məsələlər olmuşdur. Lakin xalqlar, dövlətlər,ölkələr arasında siyasi, iqtisadi, mədəni, əlaqələrin getdikcə genişlənməsi, qloballaşma və inteqrasoya proseslərinin daha da dərinləşməsi ilə səciyyələnən müasir dövrümüzdə bu məsələlər dah da aktual xarakter daşımağa başlamışdır.

      Dövrümüzün çağırışları və beynəlxalq münasibətlərdə baş verən köklü dəyişikliklər milli mədəniyyətlər qarşısında bir sıra yeni həlli vacib məsələlər qoyur. Qloballaşma prosesləri təkcə mədəniyyətlərin qarşılıqlı uzlaşması və qarşılıqlı zənginləşməsi ilə müşaiət olunmur, xalqların və ölkələrin mədəni özünəməxsusluğuna ciddi təhlükələr yaranır. Milli mədəniyyətlərin, milli-mənəvi dəyərlərin gələcək taleyi indi bütün bəşəriyyəti düşündürən problemlərdən birinə çevrilmişdir. Belə şəraitdə beynəlxalq səviyyədə mədəni dialoqun qurulması qlobal gündəliyin əsas məsələlərini təşkil edir.