Amerikalı qonaqlar Multikulturalizm Mərkəzində olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BBMM-in İcraçı direktoru Rəvan Həsənov qonaqları salamlayaraq ölkədəki multicultural mühit barədə məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu qeyd edib. Ölkəmizdə əsrlərdən bəri müxtəlif  dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir, məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində BBMM Dövlət Qurumları ilə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bir sıra birgə tədbirlər həyata keçirib. Xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramlardan söz açılıb.

Nümayəndə heyətinin üzvü Yomtovian Aysak Azərbaycan haqqında geniş məlumata malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Sinay sinaqoqunun üzvlərinin bir neçə dəfə Azərbaycana səfər etdiklərini xatırladan Yomtovian Aysak onların Azərbaycandan çox yüksək təəsüratla geri döndüklərini bildirib, müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin öz unikallığı ilə seçildiyini vurğulayıb. Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, Azərbaycanla qurulmuş sıx dostluq əlaqələrinə önəm verdiklərini bildirib. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Görüşün sonunda qonaqlara BBMM-in hədiyyələri təqdim edilib.

 

Etiketlər