Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Bakı, 3 iyul

İyulun 3-də Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən danışıb. O, qonaqlara ölkəmizdəki etnik və mədəni müxtəliflik, birgəyaşayış ənənəsi, multikultural və tolerant mühit barədə məlumat verib. İcraçı direktor Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb. O, bu nadir tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə gündən-günə daha da gücləndiyini diqqətə çatdırıb.

Rəvan Həsənov, həmçinin qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev Gürcüstanda dövlət-din münasibətləri barədə məlumat verib. Digər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayan nümayəndə heyətinin üzvləri dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm kimi mövzularda Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin önəmini bildiriblər.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayev ölkəmizdə səfərdədirlər.

Etiketlər