“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Sumqayıtda təqdim olunub
İyunun 28-də Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı şəhər ictimaiyyətinin nümayəndələrinə təqdim olunub.
Təqdimatdan əvvəl ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə tər güllər düzülərək xatirəsi ehtiramla anılıb.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbiri açaraq bildirib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Qeyd edilib ki, kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının (BBMM) sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli tədbirdə çıxış edərək qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasını qoyan ümummilli lider Heydər Əliyev olub. Müasir dövrdə bu siyasət əzmlə davam etdirilir və beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizmin mərkəzinə çevrilib.
Yadigar Məmmədli təqdimatı keçirilən kitabın ölkə Prezidentinin multikultural dəyərlərə verdiyi yüksək qiymətin bariz göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, kitab Azərbaycan multikulturalizmi ilə yanaşı, xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, mənəviyyatı haqqında müfəssəl məlumat daşıyıcısıdır. Kitaba daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.
“Multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınan Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur”, - deyən AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı təqdimatı keçirilən kitabın Azərbaycan Prezidentinin multikultural dəyərlərə verdiyi önəmin bariz göstəricisi olduğunu vurğulayıb.
O, siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda multikulturalizmin bir sıra nəzəri məsələlərinin, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətlərinin öz əksini tapdığını bildirib.
“Azərbaycanda multikulturalizmin tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Dövlətimizin başçısının kitabda yer almış fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırır. Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizm xalqımızın həyat tərzini təşkil edir”, - deyə M.Qasımlı əlavə edib.
Ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən bəhs edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Cahangir Cahangirli, Əməkdar Müəllim, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt-Abşeron-Xızı bölgəsi üzrə qazisi Rauf Sərdarov, Həyat Sözü-2 Xristian Dini İcmasının sədri Elçin Paşayev və başqaları Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplu halında, üç dildə dərc edilməsinin çox önəmli olduğunu vurğulayıblar.
Qeyd edilib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Запись “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Sumqayıtda təqdim olunub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.