Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlərboyu mövcud olub

Bakı, 26 mart

Fəlsəfə elmi çoxdan etiraf edib ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Odur ki, hər bir millət siyasi mənlik şüurunun obyektiv inikası kimi, öz milli ideyasına sahib olmalıdır, əks təqdirdə, onun mövcudluğu heç bir halda özünü doğrulda bilməz. Əgər tolerantlıq və multikulturalizm humanist dünyagörüşü və bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarının qəbul edilməsi kimi nəzərdən keçirilsə, onda müdrik dövlət siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda çoxsaylı xalqların azad yaşamasına və müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı mövcud olması üçün bütün zəruri şəraitlər yaradılıb.

Buna görə də Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də tolerantlıq və multikulturalizm dəyələri ixrac edən ölkə kimi tanınır.

Bu fikirlər hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, professor Arif Quliyevin Ukraynanın “Versii.com” portalında dərc olunmuş “Müasir azərbaycanlıların dəyərləri: ənənələr, tolerantlıq və diplomatiya” sərlövhəli məqaləsində yer alıb.

Tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin yaranması tarixinə toxunan A.Quliyev yazır: “Tolerantlığın və multikulturalizmin humanizm və ümumbəşəri dəyərlərdən qaynaqlanan Azərbaycan modeli əsrlər boyu mövcud olub, multikulturalizm təsadüfi təzahür deyildir – onun birbaşa Azərbaycan xalqının həyat tərzinə əsaslanan dərin tarixi kökləri var. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edəndə məhz bunu əsas götürüb”.

Multikulturalizmin və tolerantlığın müxtəlif təzahürlərini tarixi və fəlsəfi aspektlərdə nəzərdən keçirən müəllif qeyd edir: “Müasir cəmiyyətdə bir sosial subyektin digər sosial subyektin sosial, siyasi, etnik, konfessional və qeyri xüsusiyyətlərinə tolerant yanaşması sivilizasiya yaşaması və inkişafının, həm dövlət səviyyəsində, həm də adi qarşılıqlı münasibətlər səviyyəsində tənzimlənməsinin mütləq şərtidir”.