Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında

 

teresa damasio

Bu günlərdə Portuqaliyanın məşhur "dnoticias.pt" portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasionun Azərbaycan multikulturalizmi ilə bağlı fikirlərinin əks olunduğu müsahibə dərc edilib.

Professor Qafqaz regionunda Azərbaycanın artan nüfuzunu qeyd edərək ölkəmizdə multikulturalizm və tolerantlıq ənənlərinin qədim tarixə malik olduğunu vurğulayıb. T. Damasio təmsil olunduğu Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin müdavimlər tərəfindən maraqla qarşılandığını, qış məktəbi ərzində bu fənn vasitəsilə öyrəndiklərinin əyani şahidi olduqlarını qeyd edib.

Professor gələcəkdə həm sözügedən ali təhsil ocağının, həm də Portuqaliyanın digər universitetlərinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, eləcə də ölkəmizin bir sıra ali təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq imkanlarının yaranacağına ümidvar olduğunu bildirib. Portuqaliyalı alim Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu təqdir edib.

Müsahibədə Azərbaycanın və Portuqaliyanın multikulturalizm modellərindəki ortaq və fərqli nüanslar diqqətə çatdırılıb, hər iki ölkə arasında elmi, mədəni və humanitar sferalarda geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.

Qeyd edək ki, Teresa Damasio 8-15 fevral tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbində mühazirəçi qismində iştirak edərək tələbələrə “Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirə oxuyub.

Запись Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.