“The Jerusalem Post” qəzetində İdo Netanyahunun pyesinin Bakı Beynəlxalq Muğam Mərkəzində premyerası barədə məqalə dərc edilib
İsrailin Baş naziri Binyamin Netanyahu Braziliyada rəsmi səfərdə olarkən onun kiçik qardaşı İdo Netanyahunun “Məna axtarışında” pyesi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində tamaşaya qoyulub. Quruluşçu rejissoru İlqar Safat olan bu əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin 7 yanvar tarixli nömrəsində bu haqda material dərc edilib. İdo Netanyahu ixtisasca radioloq-həkimdir, lakin kitablar və pyeslər yazmağa da xeyli vaxt sərf edir.
Qəzet yazır ki, İdo Netanyahunun pyesləri Təl-Əviv, Nyu-York, Sankt-Peterburq, Moskva və Daşkənd şəhərlərinin səhnələrində tamaşaya qoyulub.
“Məna axtarışında” pyesinin Bakı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində premyerasının açılışında çıxış edən istedadlı rejissor İlqar Safat əsərin əhəmiyyətini vurğulayaraq deyib: “Pyesdə Holokost dəhşətlərini görmüş, faşistlərin dörd cəza düşərgəsindən salamat çıxmış və psixologiyada loqoterapiya adlı yeni cərəyan yaratmış məşhur psixoloq, görkəmli alim Viktor Franklın həyatından bəhs edilir”.
“The Jerusalem Post” qəzetində dərc olunmuş materialda vurğulanır ki, pyesin premyerasında İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını vurğulayan səfir deyib: “Azərbaycan tarixən tolerant ölkədir. Burada milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən yəhudi icmasının nümayəndələrinə də böyük hörmət və ehtiram göstərilir. Yəhudi və Azərbaycan xalqları arasında əsrlərboyu çox sıx və möhkəm əlaqə olub. Ölkələrimiz arasında səmimi münasibətlər bu gün də möhkəmlənir və dərinləşir”.
“The Jerusalem Post” qəzeti yazır ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut da tamaşadan əvvəl çıxış edib. A.Qut deyib: “Azərbaycan bir sıra dinlərin və xalqların bu ölkədə yaşayan nümayəndələri üçün vətən, dünyanın bir sıra ölkələri üçün həmişə parlaq multikulturalizm və tolerantlıq nümunəsi olub və bu gün də belədir.
Mən, İsrailin bir vətəndaşı kimi minnətdarlıq və qürur hissi ilə bildirirəm ki, Azərbaycan rəhbərliyi bu ölkədə yaşayan bütün icmaların ənənələrinə və həyatına, o cümlədən Azərbaycanın yəhudi icmasına qayğıkeş və səmimi münasibət göstərir, dünyanın heç bir yerində yəhudi icmasına bu cür səmimi münasibət presedenti yoxdur”.