Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir
Bakı, 5 mart
Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkiliyə məruz qalmadan birlikdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.
Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə səsləndirilib.
QMİ sədri bildirib ki, Azərbaycan ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkədir. Tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanlar ölkəmizdə qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşayıblar. Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün hər il dövlət tərəfindən maliyyə yardımı ayrılır.
Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək olduğunu deyən Mark Şnayer bu modelin beynəlxalq aləmdə daha çox tanıdılmasının vacibliyini bildirib. Əlavə edib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər dini dözümlülük yoxdur. Bu, Azərbaycan xalqının humanizm, qardaşlıq prinsipləri ilə yaşadığını bir daha sübut edir.
Digər çıxışlarda da Azərbaycanın bütün dünyada sülh və əmin-amanlığa çağırış edən dövlət kimi tanındığı xüsusi vurğulanıb.