Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
Xaçmaz, 19 fevral
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi fevralın 19-da Xaçmazda davam etdirilib.
Dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları əvvəlcə “Milli kimliyin formalaşmasında mədəni müxtəlifliyin rolu” mövzusunda mühazirə dinləyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov söylədiyi mühazirədə bildirib ki, Azərbaycandan milli kimliyin əsas qatlarını ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənələri, dili, dini təşkil edir. Bu baxımdan mədəni müxtəliflik azərbaycanlının həm fərdi, həmdə sosial kimliyinin özəyidir. Aparılan araşdırmalar göstərir ki, loyallığı gücləndirən əsas faktorlardan biri də, müxtəlif xalqlara aid mədəniyyətin qorunub saxlanılmasında aparılan siyasətdir. “Azərbaycan nümunəsində biz bu loyallığı müxtəlif millətlərin nümayəndəsinin vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etməsində, müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində fəaliyyətində, vətənin həm xoş, həm də pis günündə həmrəy olmalarında görürük. Buna nümunə kimi Şəhidlər xiyabanını və sinaqoqun tikilməsində müsəlman icmasının maddi dəstək göstərməsini qeyd edə bilərik. Bütün bunlar bütöv azərbaycanlı kimliyinin məhəng daşıdır”, - deyə Rəfi Qurbanov bildirib.
Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
Mühazirədən sonra layihə iştirakçıları Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. Ş.Xanbabayev Xaçmazın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Görüşdən sonra layihə iştirakçıları Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Qonaqlar Xaçmaz Dövlət Rəsm Qalereyası, Bayraq Meydanı Kompleksi və Çənlibel parkında gəziblər.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihə çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası və Braziliyadan tələbələrin cəlb olunduğu layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakı şəhərində bir sıra tədbirlər keçiriləcək.