XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərib. XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən artıq tələbə iştirak edib.
Qış məktəbinin ilk günü iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.
Qış məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, ADA Univesitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovla görüşüblər. İştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib.
İştirakçılar Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dillər Universitetinin dosenti Afət Musayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kuninanın “Azərbaycanda mədəniyyətlərin dialoqu və dinlərarası harmoniya”, “Multikulturalizmin Azərbaycan modeli sivilizasiyaların toqquşmasına cavab kimi”, “Sivilizasiyaların toqquşması, yoxsa dialoq?” mövzularında mühazirələrini dinləyiblər. Heydər Əliyev məscidində, Rus Provaslav Kilsəsində, Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə, Quba Soyqırımı Memorial Kompleksində, “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar.
Qış məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil edilib. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.
Sonda “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadı.