VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 17-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
16 ölkənin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduqları layihənin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Layihə iştirakçılarının diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qış Məktəbi layihəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış olublar.
Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası və Braziliyadan tələbələrin cəlb olunduqları layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakıda bir sıra tədbirlər keçiriləcək.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə bilavasitə şahid olmasına şərait yaratmaqdır.