Adil Əliyev: İdeoloji təhlükəsizliyimizin təməlində azərbaycançılıq məfkurəsi dayanır

Dünyada mültikulturalizmin əsas mərkəzlərindən biri olan Azərbaycan həm də idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin yürütdüyü idman siyasəti sayəsində ölkəmiz müntəzəm olaraq nüfuzlu beynəlxalq idman yarılarına ev sahibliyi edir. Avropa Oyunları, İslam Həmrəylik Oyunları kimi tədbirlər buna misaldır.

Bunu Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev fevralın 20-də XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə keçirilən görüşündə deyib.

Adil Əliyev bildirib ki, Azərbaycanın gənclər siyasətinin əsas hədəfi fiziki və mənəvi baxımdan sağlam, yaxşı təhsilli və vətənpərvər gənclər yetişdirməkdir.

“Azərbaycan gənclərinin neqativ təsirlərə qarşı möhkəm olması da prioritetlərimizdəndir. Hazırda qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, turizm və miqrasiyanın vüsət alması yeni imkanlarla yanaşı, yeni çağırışlar da doğurur. Bu çağırışlar Azərbaycanda əsrlərlə hökm sürmüş multikultural həyat tərzinə mənfi təsirlərin qarşısının alınmasında, cəmiyyətimizin ideoloji təhlükəsizliyində son dərəcə vacib amildir”, - deyən Milli Məclis sədrinin müavini, həmçinin vurğulayıb ki, ideoloji təhlükəsizliyimizin təməlində isə azərbaycançılıq məfkurəsi dayanır.

Etiketlər