Milix Yevdayev: Azərbaycan suverenliyini tam bərpa edəndən sonra ölkəyə təzyiqlər güclənib

Azərbaycan da soyqırımından əziyyət çəkən xalqlardan biridir. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymağa müvəffəq oldu. Haqq-ədalət sonda zəfər çaldı.

Bu fikirləri Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda yanvarın 29-da keçirilən tədbirdə səsləndirib.

Holokostun insanlıq tarixində qatı cinayətlərdən biri olduğunu xatırladan M.Yevdayev bu qətliamda 6 milyon deyil, 12 milyon yəhudinin məhv ediləcəyinin planlaşdırıldığını diqqətə çatdırıb.

“Tarix təkrar olunur. Haram, kin, ədavət çoxalıb, ikili standartlar davam edir. Avropada indi nələr baş verir? Azərbaycan suverenliyini tam bərpa edəndən sonra bu ölkəyə qarşı təzyiqlər güclənib. Bu ölkənin müstəqil siyasətini qəbul etmək istəmirlər. Nə baş verdi? Əvvəl münasibətləri yaxşı idi, indi yox”, - deyə Milix Yevdayev vurğulayıb.

Çox ağır bir dövrdə yaşadığımızı vurğulayan Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri deyib ki, Allahın bizə ötürdüyü sevginin qədrini bilmək, sevgi ilə yaşamaq lazımdır.

Etiketlər