AZƏRBAYCANDA MULTİKULTURALİZM VƏ ONUN ÖLKƏNİN SOSİAL İQTİSADİ İNKİŞAFINDA ROLU
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizm dedikdə çox mədənilik və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət başa düşülür. Multikulturalizmin bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlı olduğunu qeyd edə bilərik. Belə ki, o, müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab olunur. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Müasir dövrdə multikulturalizm Azərbaycanda əhəmiyyətli rol oynayır. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Keçmiş dövrlərdən bəri burada avarlar, talışlar, ləzgilər, udinlər və s. kimi millətlər sülh və əmin amanlıq içərisində yaşamışdır. Müasir multikultural cəmiyyətlər müxtəlif mədəni strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər.
Ölkəmizdə multikultural cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun rolu da böyük olmuşdur. Belə ki, Azərbaycanın əlverişli bir coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi burada bir sıra xalqların və milli azlıqların məskunlaşmasına təsir göstərmişdir. Azərbaycanın bu əlverişli coğrafi mövqeyi onun etnik mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında da öz əhəmiyyətini ortaya qoymuşdur. Ancaq ölkədə multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi amildən asılı deyildir. Çünki dünyada elə ölkələr vardır ki, onlar da Azərbaycan kimi əlverişli coğrafi məkanda yerləşirlər. Lakin həmin ölkələrin bir çoxunda multikulturalizmin vəziyyəti Azərbaycandakından çox aşağıdır. Bunun əsas səbəbi isə Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul etməsidir. Multikulturalizm Azrəbaycanda dövlət siyasəti ilə yanaşı həm də əhalinin həyat tərzidir. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.
Hər bir ölkənin sosial iqtisadi inkişafı onun mədəni inkişafı ilə sıx bağlıdır. Bir ölkə daxilində sosial iqtisadi inkişaf mədəni inkişafdan kənar mövcud ola bilməz. Dünyada qlobal maliyyə böhranının hökm sürdüyü dövrdə respublikada iqtisadiyyatın demək olar ki, bütün sahələrində inkişaf təmin olunur. Azərbaycan son dövrlər sürətli sosial iqtisadi inkişafa nail olmuşdur və hazırda dünyanın qabaqcıl ölkələri sırasında öz yerini tutmaq üçün səylərini daha da gücləndirir. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir. Ölkəmizdə sosial iqtisadi inkişafın təmin edilməsində multikulturalizmin də böyük rolu vardır.
Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun hakimiyyəti dövründə ölkədə dinindən və milliyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşamışdır. Ümummilli Lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural adətlərinin qorunması sahəsində həyata keçirilən siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyev ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsində və multikulturalizmin ölkənin sosial iqtisadi inkişaında rolunun artırılmasında misilsiz xidmətləri olmuşdur. Belə ki, ölkədə multikulturalizmin daha da inkişaf etdirilməsi məqsədilə Cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələri Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirməkdən, multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etməkdən, müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən və multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaqdan, eləcə də multikulturalizmin ölkənin sosial iqtisadi inkişafına təsirini təhlil etməkdən ibarətdir.
Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi-azərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da yaşayır. Azərbaycanda yaşayan millətlər əsasən ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, gürcülər, yəhudilər və kürdlərdən ibarətdir.
Ölkədə multikulturalizmin sosial iqtisadi inkişafa təsiri bundan ibarətdir ki, ölkədə yaşayan müxtəlif millət nümayəndələri yerli əhali kimi iqtisadiyyatın istənilən sahəsində müəssisə açaraq əhalinin tələbatını ödəyə bilərlər. Bundan başqa onlar iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıraraq həm mənfəət əldə edə bilərlər və həm də ölkənin iqtisadi inkişafına təsir göstərə bilərlər. Bu gün Azərbaycanda fəaliyyət göstərən və ölkənin sosial iqtisadi inkişafında rol oynayan bir çox iri müəssisələr vardır ki, o müəssisələrin rəhbərləri ölkəmizdə məskunlaşan qeyri azərbaycanlılardır. Hər bir ölkənin makroiqtisadi göstəricilərindən biri ölkə əhalisinin rifah səviyyəsidir. Qeyd edə bilərik ki, multikulturalizm ölkəmizdə yaşayan yerli əhalinin və başqa millətlərin rifahına da müsbət təsir göstərir. Ölkəmizdə siyasi və iqtisadi stabilliyin hökm sürməsi, yerli əhali ilə birgə başqa millətlərin də sülh və əmin amanlıq içərisində yaşaması, onların hüquqlarının qorunması və eləcə də onların yerli əhali kimi bərabərhüquqlu olması ölkəmizdə rifah səviyyəsinin yüksək olduğunu göstərir. Buna misal olaraq qeyd edə bilərik ki, ölkədə yaşayan milli azlıqlar və başqa milliyyətdən olan xalqlar yerli əhali kimi müxtəlif təşkilatlarda və müəssisələrdə işləyib əmək haqqı alaraq sabitlik və rifah içərisində yaşayırlar. Həm də onlar yerli əhali kimi dövlətə vergi ödəyərək dövlət büdcəsinin formalaşmasında rol oynayırlar.
Azərbaycan Respublikasında multikulturalizmin bir siyasət olaraq inkişaf etdirilməsi, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə də təsir göstərir. Belə ki, bir sıra dünya ölkələri ilə xarici ticarət əlaqələrinin qurulmasında, xarici investorlar tərəfindən ölkəmizin müxtəlif sahələrinə külli miqdarda investisiya yatırılmasında, xarici iş adamlarının ölkəmizdə şirkət qurub həm yerli əhalini həm də müxtəlif millətləri işlə təmin etməsində multikulturalizm faktorunun əhəmiyyəti danılmazdır. Bundan əlavə qeyd edə bilərik ki, multikulturalizmin ölkəmizdə turimzin inkişafına da böyük təsiri vardır. Məlumdur ki, turzim sektoru iqtisadiyyatın ən çox perspektivli və gəlir gətirən sahələrindən biri hesab olunur. Azərbaycanda isə turizmin inkişafı üçün əlverişli şərait və mühit vardır. Belə ki, Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi və gözəl iqliminin olması burada turizmin inkişafına təkan vermişdir. Hər il ölkəmizə xarici ölkələrdən saysız hesabsız turistlərin gəlməsi, onların yüksək səviyyədə istirahət etməsi və ölkəmizdən razı qalması ölkəmizdə turizmin inkişafının əyani sübutudur. Ölkəmizin Bakı, Gəncə, Qəbələ, Quba, Qusar kimi şəhərləri əsas turistik şəhərlər hesab olunur ki, burada gələcək dövrlərdə də turizmin inkişafını daha da sürətləndirmək olar. Turistlərin bir çoxu dəniz turizmi üçün, bəziləri dağ turizmi üçün və bəziləri də müalicə məqsədilə ölkəmizə üz tuturlar. Bütün bunlar ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərir. Respublikamızda turizmin inkişafı əsas etibari ilə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasətinin müsbət bir nəticəsidir. Təbii ki, ölkəmizdə multikulturalizm siyasətinin yüksək səviyyədə və uğurla həyata keçirilməsi təkcə turizm sektorunun inkişafına deyil, eləcə də iqtisadiyyatın digər sektorlarının inkişafına da müsbət təsir göstərir. Yuxarıda qeyd etdiyimiz faktorları nəzərə alaraq qeyd edə bilərik ki, ölkəmizdə multikulturalizm ölkənin makroiqtisadi göstəricilərinin artımında və o cümlədən sosial iqtisadi inkişafın təmin olunmasında əvəzsiz rol oynayır.
Müəllif
Əlizadə Şəmşad
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin aparıcı məsləhətçisi