Amerika Sefard Federasiyasının nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub
Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Qubermanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov amerikalı qonaqlara BBMM-in fəaliyyəti, həyata keçirilən layihələr və ölkəmizdə uğurla davam etdirilən multikultural mühit haqqında ətraflı məlumat verib.
Rəvan Həsənov bildirib ki, Prezident İlham Əliyev multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. O qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davamının nəticəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən də danışıb. Diqqətə çatdırıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Amerikalı qonaqlarən diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın iyirmiyə yaxın universitetində tədris olunur. BBMM-in doqquz ölkədə filialı var.
Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra qurumlarda, eləcə də bölgələrdə yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəklərini, ölkəmizdə mövcud olan multikultural mühit, xalqımızın tolerantlıq ənənələri ilə yaxından tanış olmaq arzularını bildirib. Qeyd edib ki, Azərbaycan multikulturalizminin fənn kimi dünya elm ocaqlarında tədris edilməsi təqdirəlayiqdir və bu iş davam etdirilməli, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyəti bütün dünyaya çatdırılmalıdır. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir.
Sonda qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.
Запись Amerika Sefard Federasiyasının nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.