Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda yaradılır
Bakı, 31 avqust
Rusiyalı biznesmenlər Qod Nisanov və Zarah İliyev dünyada dağ yəhudilərinin ilk muzeyini Azərbaycanda yaradırlar.
Quba rayonundakı Qırmızı qəsəbədə dünyada ilk dağ yəhudiləri muzeyinin açılışına hazırlıq işləri görülür. Bu kulturologiya layihəsinin ideoloqları və sərmayədarları moskvalı iş adamları, “Kiyevskaya ploşad” şirkətlər qrupunun sahibləri Qod Nisanov və Zarah İliyev, həmçinin STMEQİ xeyriyyə fondudur. Qırmızı qəsəbənin yetirmələri olan mesenatlar Rusiyada çoxdan yaşamalarına və fəaliyyət göstərmələrinə baxmayaraq öz kiçik vətənlərini də unutmurlar və qəsəbəyə hərtərəfli yardım göstərirlər. Məişət əşyalarının, milli geyimlərin, kitabların, dağ icmasının tarix və ənənələrinin qorunacağı muzeyin yaradılması ideyası bir neçə il bundan öncə meydana gəlib. 2017-ci ildə onun həyata keçirilməsinə başlanılıb. Muzey üçün binanın qəsəbədə olan 7 sinaqoqdan biri – Karhoq sinaqoqunun seçilməsi rəmzi məna daşıyır. Bu ibadət yeri sovet hakimiyyəti dövründə ərzaq anbarı kimi istifadə olunub. Sərmayəçilər qərara gəliblər ki, muzeyin əsas eksponatı elə sinaqoqun binası olmalıdır. O, ilkin eskizlərə uyğun olaraq bərpa olunub.
Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Onun daxilində mümkün qədər daha çox eksponatın yerləşdirilməsi üçün bina iki yarusa bölünüb. Sərgi zalları ilə yanaşı, onun zirzəmi hissəsində konfrans zalı, kitabxana və ehtiyat otaq yaradılıb.
Muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini STMEQİ fondu öz üzərinə götürüb. Bu, dünyada dağ yəhudilərini birləşdirən ən böyük təşkilatdır. Hələ layihənin hazırlanması mərhələsində fond diaspor və icmalara müraciət edərək onları qədim əşyaların tapılmasına çağırıb. Həmçinin, fond muzeyin bədii tərtibatını da özü həyata keçirib.
Muzeydəki ilk nadir eksponatlar arasında XIX əsrdə toxunmuş tales (örtük ) var. İbadət üçün nəzərdə tutulan bu örtüyün nümunəsindən İsrailin dövlət bayrağının yaradılmasında da istifadə olunub. Taleslərdən toy baldaxinləri kimi də istifadə edilib. Diqqəti cəlb edən daha bir əşya həmin dövrün atlı ekipajıdır. Bundan başqa, muzeydə müxtəlif kitablar və sənədlər, məsələn, ktuba – nikah ayini müqaviləsi təqdim edilir. Bir çox qədim nəşrlər indiyədək qorunub saxlanılan cuuri üzərində semit, fars və türk dillərinin sintezi şəklində təqdim olunur. Qod Nisanov və Zarah İliyev əmindirlər ki, bir yerdə toplanılmış kitablar gələcəkdə dilin qorunmasına və dağ yəhudilərinin danışdıqları unikal dialektin öyrənilməsinə kömək edəcək.
Qırmızı qəsəbə öz-özlüyündə turistləri cəlb edən unikal bir məkandır. Bakının 168 kilometrliyində yerləşən bu qəsəbəni Yəhudi Slobodası da adlandırıblar. Onun bugünədək postsovet məkanında dağ yəhudilərinin yeganə kompakt yaşayış məkanı olması da maraq doğurur. Həm də Azərbaycanda bu cür iki milli icma – aşkenazilər və gürcü yəhudiləri mövcuddur. Lakin onlar ən çox Quba rayonunda məskunlaşıblar. Ekspertlər qeyd edirlər ki, yalnız Azərbaycan yəhudiləri öz kimliklərini qoruyub saxlaya bilib, heç vaxt təqiblərə, talanlara və antisemitizmə məruz qalmayıblar. Azərbaycandakı milli çoxluq hər zaman vurğulayıb ki, o, özünün multikulturalizm və tolerantlıq ənənələrinə sadiqdir. Təsadüfi deyil ki, ölkənin paytaxtı Bakını “beynəlmiləl şəhər” adlandırırlar.
Ötən ilin sonunda Qırmızı qəsəbədə olan dramaturq və İsrailin Baş Nazirinin qardaşı İdo Netanyahu xüsusi olaraq qeyd edib ki, Azərbaycanda qədim ənənələrin qorunub saxlanılmasına həssas yanaşırlar. O deyib: “Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə diqqət və qayğısını yüksək qiymətləndirirəm, bu, dünyada dialoq və qarşılıqlı anlaşma üçün nümunə ola bilər”. Netanyahu yerli sinaqoqları və Qod Nisanov və Zarah İliyevin tikintisini həyata keçirdikləri muzeyi də ziyarət edib. O zamanlar Qəsəbənin memarlıq üslubunu məhz sinaqoqlar müəyyən ediblər: onlardan 13-dən günümüzə yalnız 7-si gəlib çıxıb. Lakin Qırmızı qəsəbədə ümidvardırlar ki, haçansa bu sinaqoqların hamısını bərpa etmək mümkün olacaq.
Qəsəbənin daha bir qürur mənbəyi onun sakinləridir. Buradakı dağ yəhudiləri əsrlər boyu dostluq və anlaşma şəraitində yaşayıblar. Lakin 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması və Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 15 minlik dağ yəhudilərinin əksəriyyəti qəsəbəni tərk etməyə məcbur olub. Bununla belə, bu proseslər də həmin xalqın unikal tarixini və ənənələrini qoruyub saxlamağa əngəl olmayıb.
Bu qəsəbədə indiyədək Fars imperiyasından Qafqaza ilk köçkünlərin – eramızdan əvvəl VII əsrdə İudeyadan (Roma imperiyasının vilayəti) qovulmuş və Assuriya çarı Sinaxxeribin əsiri olanların xələfləri indi də cuuri dilində danışırlar. Qırmızı qəsəbənin sakinləri həm də Azərbaycan, rus dillərini mükəmməl bilirlər. Lakin onlar öz yaxınlarının və doğmalarının qəbirlərini ziyarət edərkən yalnız cuuri dilində danışırlar.
Həmyerliləri ilə bir araya gələn insanlar heç vaxt öz mənşəyini unutmurlar. Tale dağ yəhudilərini bütün dünyaya səpələyib, lakin onlar bütün mühüm tədbirlər üçün məhz Qırmızı qəsəbəyə toplaşırlar.