Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi

 

 

ShowImage.ashx

Oktyabr ayının sonu noyabr ayının əvvəlində ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyət cari Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olmuşlar. Nümayəndə heyətinə Sinay məbədinin böyük ravvini David Volpe rəhbərlik edirdi. Səfərin əsas məqsədlərindən biri Dağ yəhudilərinin sinaqoquna Məqəddəs Tövratın bağışlanması idi. Bundan başqa səfər çərçivəsində qonaqlar Quba Soyqırım memorialını ziyarət etmiş və Qırmızı Qəsəbədə olmuşlar, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçirmişlər. Bu səfərlə bağlı nümayəndə heyətinin üzvləri xarici mətbuatda (“Time” jurnalı, The Jerusalem Post qəzeti, JNS.org portalı) bir neçə məqalə buraxmışdılar. Bu məqalələrlə oxucularımızı tanış etməkdə davam edirik. Nümayəndə heyətinin üzvü Yael Lerman Mazarın The Jerusalem Post qəzetində dərc olunan “Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi” adlı məqaləli oxucularımıza təqdim edirik.

YAEL LERMAN MAZAR

Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi

“StandWithUs” təşkilatının hüquq məsələləri üzrə direktoru müsəlman və demokratik ölkənin onun yəhudi dövlətinə olan inamını necə geri qaytardığını izah edir.

Üç azyaşlı uşaqlarımızın özlərini yəhudi vətənlərinin bir hissəsi kimi hiss edə bilmələri, ivrit dilini öyrənmələri və nağıllardakı İsrail uşaqlığını yaşaya bilmələri üçün təqribən üç ay bundan əvvəl Los-Ancelesdən İsrailə köçdük. Gözləntilərimizin əksinə olaraq, bizi bütün rekordları qıran güclü toz qasırğası, misli görünməmiş yüksək hərarət və “Bıçaqlar intifadası” ilə qarşılaşdıq. Los-Ancelesə köçdükdən bir neçə həftə sonra uşaqlarım iki qəribə təzadla üzləşdilər: bir tərəfdən şəhər avtobusları ilə məktəbə sərbəst şəkildə gedib-gələ bildikləri üçün həyatlarında birinci dəfə tam müstəqilliyin dadını çıxara bilirdilər, digər tərəfdən isə, onlar avtobus dayanacağında gözləyərkən cihadçıların mümkün hücumlarına məruz qalmaq qorxusundan stress yaşamalı idilər.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, uşaqlarımın Fələstin müsəlmanları ilə bağlı ilk təəssüratları qorxu və zorakılıq amilləri əsasında formalaşdı. Onlar bilirdilər ki, işə getmək üçün istifadə etdiyim avtobus üzərində bıçaq izləri olduğundan, Yerusəlimdə işə maşınla gedib-gəlirəm. Qərb Divarının aşağı hissəsində uşaqlarımla dua etdiyim zaman cihadçılar partlayıcı fişənglərdən istifadə etməyə cəhd göstərmişdilər. Bir neçə həftə sonra bir israil-ərəb mənşəli mağaza işçisi ilə danışarkən və ondan yəhudilərlə ərəblərin vuruşmalarının və bıçaqlaşmalarının səbəblərini soruşarkən uşaqlarım da yanında idilər. Mağaza işçisi mənim sualıma özündən razı şəkildə gülümsəyərək, belə cavab verdi: “Biz İsrail yəhudi dövləti yaradılmamışdan əvvəl mövcud olan duruma qayıtmağı gözləyirik”. Bu söhbətdən sonra birgə yaşaya biləcəyimizlə bağlı bütün ümüdlərim puç oldu.

Bu gərgin münasibətlər fonunda elə də böyük olmayan müsəlman ölkəsi Azərbaycan haqqında danışmaq istəyirəm. Keçən həftə, Toranı Azərbaycanın dağ yəhüdilərinə təqdim etmək məqsədilə mənim atam, Keri Lerman, və Sinay Məbədinin baş ravvini Devid V. Volpenin rəhbərliyi altında 50 nəfərdən ibarət nümayəndə heyəti Los-Ancelesdən Azərbaycana səfər etdi. Bu nümayəndə heyətinə qoşulmaq həvəsim qarşıma belə suallar qoydu: “Uşaqlar üçün təhlükəsizdirmi?” Yəhüdilər üçün təhlükəsizdirmi?” “İsraildən bura gəlmək təhlükəsizdirmi?”

Azərbaycana ayaq basana qədər qədim tarixi olan bu xalq və bu gənc dövlət barədə heç nə bilmirdik. Bir həftə sonra isə biz Azərbaycanı bu məğrur ölkəyə, onun səxavətli hökümətinə və gözəl insanlarına böyük məhəbbət hissi ilə tərk etdik. Buranı tərk edərkən yəhudilərlə müsəlmanların həqiqətən birlikdə yaşamalarının mümkün olması ilə bağlı ümidlərimiz yenidən dirçəldi.
Azərbaycana gəldikdən sonra dünyanın başqa heç bir yerində rastlaşmadığımız çoxlu faktların şahidi olduq. Birincisi, Azərbaycan müsəlman və demokratik ölkədir. İkincisi, Azərbaycanda heç vaxt talanlar törədilməyib.Burada antisemitizm sadəcə olaraq mövcud deyil. Dini icmaların rəhbərləri insanları zorakılığa cağırmır. Yerli əhali ölkədəki pluralizmlə və mövcud etnik müxtəlifliklə fəxr edirlər. Üçüncüsü, hökümət və yerli əhali İsrail dövlətini açıq şəkildə dəstəkləyir. Küçədə insanlara dedikdə ki, İsraildən gəlmişik, bizi mehribanlıqla salamlayırdılar. Yüksək vəzifəli bir dövlət məmurun otağında İsrail bayrağı Azərbayan bayrağının yanında qoyulmuşdu. Bununla yanaşı, həm Azərbaycan, həm də İsrail islam fundamentalizminin real təhlükələri ilə üzləşir. Kiçik əraziyə və qədim tarixə malik olan hər iki ölkə təhlükə mənbəyi olan ölkələrlə həmsərhəddir. Hər iki ölkənin ərazisində müxtəlif dini və etnik qruplar yaşayır, belə ki, İsrail Ali Məhkəməsinin tərkibində israilli ərəbin olduğu kimi, Azərbaycanın Ali Məhkəməsinin tərkibinə də yəhudi əsilli qadın daxildir.

Azərbaycanı digər ölkələrdən bu cür faktlar fərqləndirir, lakin bu xalqın özünəməxsus keyfiyyətlərini faktlarla deyil, rastlaşdığımız reallıqlarla təsvir etmək olar.
Azərbaycanlılar uşaqları çox sevirlər – bütün uşaqları. Öz sevgi hisslərini bildirmək üçün uşaqları əlləri üstünə götürür, onlara məhəbbətlə gülümsəyir və qucaqlayırlar. Universitetin rektoru ilə rəsmi görüş zamanı mənim 3 yaşlı qızım ağlamağa başladı və həyat yoldaşım onu yavaşca otaqdan çıxartmaq istədi. Universitetin rektoru görüşü dayandıraraq, ağlayan qızıma yaxınlaşdı, nəzakətlə onu həyat yoldaşımın əlindən götürdü, öz yerinə qayıtdı və görüşün sonuna qədər qucağında saxladığı uşağı əzizlədi. Mənim qızım tanımadığı bir insanın göstərdiyi məhəbbət hissindən və səbirli davranışından xoşhallanırdı. Rektorun müsəlman, körpə uşağın isə yəhudi olması onların heç biri üçün önəmli deyildi. Bu, azərbaycanlılara xas bir xüsusiyyətdir.
Azərbaycanlılar öz mədəniyyətlərini çox sevirlər. Bizim nümayəndə heyətimiz üçün Azərbaycan hökuməti tərəfindən səxavətlə təşkil olunmuş çoxsaylı ziyafətlərdən birində azərbaycan musiqisi sədaları altında rəqs əhvalı yarandı. Müsəlmanlar və yəhüdilər hamısı durub oynamağa başladılar. Dini və cinsi fərqlər yox idi. Musiqi və rəqsə olan məhəbbət bütün mümkün fərqləri hiss olunmayacaq şəkildə aradan qaldırmışdı. Digər bir universitetin rektoru mənim 9 yaşlı qızımın rəqsə olan sevgisi barədə eşidən kimi, ailəmizin şərəfinə tələbələrin iştirakı ilə bir saatlıq rəqs proqramı təşkil etdi. Bu qrup adətən dövlət başçılarının şərəfinə təşkil olunan konsert proqramlarında çıxış edir. İsraildən olan yəhudi qızın Azərbaycan ölkəsinin mədəniyyətini öyrənmək istəyi əlvan geyimdə rəqs edən azərbaycanlı tələbələrin uşaqlarımı səhnəyə çıxardaraq, onlarlarla birgə rəqs etmələri üçün yetərli oldu.
Azərbaycan 1500 yaşı olan yəhüdi icması üçün qucağını geniş açır. Toranın təqdim olunması mərasimində Los-Ancelesdən gəlmiş yəhüdi nümayəndə heyəti yeni məkanda saxlanılması üçün Toranı Bakıdakı dağ yəhüdilərinə təqdim etdi. Bu tədbirdə də biz tək deyildik. Milli Məclisin müsəlman deputatları öz dəstəklərini göstərmək üçün bizə qoşulmuşdular.

Bu günümüzə qədər gəlib çatmış ən qədim yəhüdi icmasının yaşadığı və Çöl tərəfdən Davidin ulduzlarının və Menoranın qürurla asıldığı sinaqoqun yerləşdiyi Qubanın qədim küçələrini gəzmək fürsətini əldən vermədik. Etiraf etməliyəm ki, Los-Ancelesdəki evimin üzərini yəhüdi simvolikası ilə sərbəst şəkildə bəzəyə bilmərəm, çünki burada yəhüdinin yaşadığını bəyan etmək vandalizmlə üzləşmək təhlüləsi deməkdir. Səfərimizin sonuna yaxın 9 yaşlı qızım bələdçimizin hansı dinə mənsub olduğunu soruşdu və mən cavab verəndə ki, o müsəlmandır, qızım fikrə daldı, sonra isə dedi, “Mən onu çox sevdim”. Bu, səfərimizin dönüş nöqtəsi oldu. Müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modeli unikallığı ilə seçilir. Hər bir ölkə kimi, Azərbaycan da mükəmməl deyil, amma uşaqlara, musiqiyə olan məhəbbətlə və insanlar arasındakı fərqləri qəbul etməklə, Azərbaycan digər dövlətlər üçün nümunə ola biləcək həqiqi pluralizm modelinin reseptini tapmışdır.

13 noyabr 2015-ci ildə “Jerusalem Post” qəzetində dərc olunmuşdur
http://m.jpost.com/Opinion/How-Azerbaijan-restored-my-hope-in-Israel-434507#article=6017MTBCRTM1N0QwMTlDQzE5REE3REM2RDZEREJGMTY1NDc=

Запись Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.